BAKI, 22 avqust — Sputnik. Milli Məclisə seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin olunması xüsusi diqqətdə saxlanılıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, Azərbaycanın 16 illik uğurlu və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən veb-kamera təcrübəsi bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn Milli Məclisə seçkilərdə də reallaşdırılır.
"Bu məqsədlə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar vasitəsilə seçki məntəqələrində səsvermə günü prosesləri hamı üçün açıq platformada canlı nümayiş etdiriləcək, maraqlı subyektlər seçki məntəqələrinə getmədən belə gün ərzində prosesləri əvvəldən axıradək fasiləsiz müşahidə imkanı qazanacaqlar", - Rövzət Qasımov qeyd edib.
Bildirilib ki, seçki günü proseslərin birbaşa izlənilməsi, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin olunması üçün texniki parametrləri gücləndirilmiş və daha da təkmilləşdirilmiş veb-kameralardan istifadə olunur.
O bildirib ki, veb-kameralar vasitəsilə hər kəs istər ölkə daxilində, istərsə də ölkə xaricindən seçki günü MSK-nın internet səhifəsinə daxil olmaqla, heç bir qeydiyyat tələb olunmadan, səsvermə günü məntəqələrdəki bütün prosesləri yüksək görüntü effekti ilə fasiləsiz müşahidə edə biləcəklər.
Rövzət Qasımovun sözlərinə görə, Azərbaycanda keçirilən seçkiləri veb-kameralar vasitəsilə daha çox ABŞ, Türkiyə və İngiltərədən izləyirlər və bu da ölkədə gedən proseslərə xaricdən olan marağın göstəricisidir:
"Prosesi canlı yayımlayan kameralar kifayət qədər yüksək standartlara cavab verir. Veb-kameralarda seçki qutularının görünməsi məcburi xarakter daşıyır. MSK əvvəlki seçkilərdə də veb-kameralar olan məntəqələrdən şikayət daxil olanda saatlarla veb-kameralardan görüntüləri araşdırıblar. Veb-kameralar ədalətli qərar çıxarılmasına da kömək olur".
Xatıradaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 39 qurumdan ümumilikdə 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb. Seçkilərlə əlaqədar 93964 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.