İQTİSADİYYAT

Azərbaycanda pensiyaçıların sayı açıqlanıb

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Bu ilin iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101,0 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1096,6 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 491,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49 faizinə bərabər olub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2024-cü il 5 fevral tarixli 4291 nömrəli sərəncamına əsasən 2024-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək 11,2 faiz artırılıb.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, bu ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 152,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 137,6 min) nəfər, əlilliyə görə - 44 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 219,2 min (müvafiq olaraq 47,1 min və 215,2 min) nəfər, ailə başçısını itirməyə görə - 54,5 min (54,7 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,6 min (25,8 min) nəfər olub.
Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 179 nəfər qəyyumuna (himayəçisinə) aylıq müavinət verilmişdir. Bununla yanaşı, Şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4,5 min ailəsinə 6,8 min uşaq üçün aylıq müavinət verilib.
Bundan əlavə, 2797 nəfər bir yaşınadək uşağı olan 2714 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 25 uşağa görə 23 ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 11,8 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 291 şəxsə isə kompensasiya verilib.
Bu ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 21,1 min ailəyə 22 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,8 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,4 min nəfərə birdəfəlik müavinətlər verilib.
2024-cü il iyulun 1-i vəziyyətinə 61,5 min aztəminatlı ailənin 266,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 109,6 manat təşkil edib.
Müxtəlif kateqoriyadan olan 397,4 min şəxsə Azərbaycan Prezidentin təqaüdü təyin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.