BAKI, 21 avqust — Sputnik. Latviyanın müdafiə naziri Andris Sprudsun Ukraynaya PUA göndərilməsi ilə bağlı sözləri Riqanın münaqişədə iştirakını göstərir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Diplomat Sprudsun Latviya tərəfinin Kiyevə göndərilmək üçün daha 500 pilotsuz uçan aparat hazırlaması barədə bəyanatına belə cavab verib. Onun fikrincə, bu, Latviyanın Ukraynadakı hərbi əməliyyatlarda və dinc əhalinin qətlində iştirakını artırdığını sübut edir.
"Rəsmi Riqa bilərəkdən atəşə yağ tökür və hərbi əməliyyatların coğrafiyasının genişləndirilməsinə təhrik edir. Latviya öz silahlarının Vladimir Zelenski rejimi tərəfindən mülki əhalini öldürmək və Rusiya şəhərlərini atəşə tutmaq üçün istifadə etdiyi ilə öyünür", - Zaxarova vurğulayıb.
Bundan əvvəl Latviya lideri Edqar Rinkeviç demişdi ki, Latviyanın rusdilli sakinlərinin dörddə biri Rusiyaya dəstəyini açıq şəkildə ifadə edir. O, rus dilində danışanların əksəriyyətinin Ukraynaya dəstək mövzusunu müzakirə etmək istəmədiyini vurğulayıb.