BAKI, 21 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana iki günlük dövlət səfəri başa çatıb. Aparılan danışıqlarda Azərbaycan və Rusiya liderləri iki ölkə arasında münasibətlərin inkişafı, bir sıra regional və qlobal məsələləri müzakirə ediblər. Liderlərin mətbuata verdikləri birgə bəyanatda danışıqların hər iki tərəf üçün səmərəli şəkildə başa çatdığı bəlli olub.
Bəs Rusiya liderinin Bakı səfəri hansı siyasi mesajlarla yadda qaldı?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan politoloq Elşən Manafov bildirib ki, Vladimir Putinin Bakıya səfərinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və genişlənməsi baxımından böyük əhəmiyyəti var: "Bu səfər nəticəsində münasibətlərimizin inkişafı yeni bir mərhələyə qalxdı. Səfər zamanı hər iki ölkənin liderləri münasibətlərin mövcud vəziyyətindən məmnunluqlarını ifadə etdilər".
Plitoloq qeyd edib ki, 2022-ci ilin fevralında Müttəfiqliq Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalandığı dövrdən keçən zaman ərzində münasibətlər bu bəyannnamənin məzmununa və ruhuna uyğun olaraq inkişaf edib: "İqtisadi münasibətlərin vəziyyəti qanedici səviyyədədir. Bununla belə mövcud vəziyyətn daha da yaxşılaşdıırlması üçün imkanların olduğu vurğulandı. Tərəflərin regional təhlükəsizlik məsələlərinə yanaşması, müasir dünyanın qlobal təhdidlərinə münasibətdə birgə sərgiləyəcəyi mövqe əhəmiyyət kəsb edir. Dövlət başçılarının görüşlərində də bu məsələlərə ümumi baxışın olduğu aydın oldu. Xüsusən də regional təhlükəsizlik problemlərinin həllində Rusiyanın əvvəlki kimi önəmli rol oynadığı qeyd olundu. Rusiya Cənubi Qafqazda münasibətlərin nizamlanması üçün moderatorluq təkliflərini verdi".
Elşən Manafov
© Photo : Courtesy of Elshan Manafov
Elşən Manafov deyir ki, geosiyasi əhəmiyyət kəsb edən dəhlizlərlə bağlı razılıqlar xüsusi əhəmiyyət daşıyır. "Şimal-Cənub" dəhlizinin icrasında Azərbaycanın aparıcı roluna da prezidentlərin görüşündə diqqət yetirildi. Məlum oldu ki, bu dəhliz vasitəsilə yük keçirilmənin artırılması üçün ciddi imkanlar var. Azərbaycanın bu istiqamətdə gördüyü işlər yaxın gələcəkdə keçən yüklərin həcminin kəskin artımını təmin edəcək. Görülən işlər yük daşımanın müddətini də qısaldır ki, bu da Fars körfəzinə, o cümlədən Cənubi-Şərqi Asiyaya Rusiya yüklərinin çatdırılması üçün əhəmiyyətlidir. Qərbin sözügedən bölgələrdə nüfuzunun genişlənməsinin qarşısının alınamsı üçün də həmin bölgələrə çıxış imkanlarının şaxələndirilməsi önəmlidir".
Politoloq bildirib ki, Zəngəzur dəhlizi ətrafında da Rusiya və Azərbaycanın maraqları üst-üstə düşür:
"Burada Qərbin Rusiya və Çini kənarda qoymaq istəyi Azərbaycanı bu məsələdə mövqe nümayiş etdirməyə sövq edib. Azərbaycan tranzit bir ölkə Zəngəzur dəhlizindən Rusiya və Çinin istifadə etməsində maraqlıdır. Bu Qərbə ismarıc kimi qəbul edilməlidir. Tərəflər arasında humanitar əlaqələrin genişlənməsi istiqamətində də razılıqlar əldə olundu. Rusiya Azərbaycanda rus dilinin inkişafına qayğıdan məmnundur.
Hazırkı əməkdaşlıq şəraiti istər MDB, istərsə də BMT və digər subregional təşkilatlar çərçivəsində Azərbaycan və Rusiya münasibətlərinin daha geniş formatda inkişafına zəmin yaradır. Bu da yaxın gələcəkdə Azərbaycanın BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatına tezliklə inteqrasiya oluna biləcəyi ilə bağlı ehtimalları artırır. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması da gündəmə gətirilə bilər. Bu Azərbaycanın Aİİ-yə qoşulmaqdan əldə edə biləcəyi mənfəətdən asılı olacaq. Bütövlükdə səfər iki dövlət arasındakı münasibətlərin inkişafı və təhlükəsizlik problemlərinin həlli, eyni zamanda müasir dövrün qlobal təhdidlərinə qarşı Azərbaycan və Rusiyanın ümumi baxışlarını təqdim edilməsi üçün icddi əhəmiyyət daşıyırdı".