PAYTAXT XƏBƏRLƏRİ

Paytaxta içməli suyun verilməsi nə vaxt təmin ediləcək? Rəsmi

Qurumun mətbuat xidmətindən bildirilib ki, qəza ilə əlaqədar hazırda hadisə yerində təmir-bərpa işləri davam edir.
Sputnik
BAKI, 21 avqust — Sputnik. "Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar hazırda hadisə yerində təmir-bərpa işləri davam edir".
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən verilmiş cavabda bildirilib. Qurumun mətbuat xidmətindən bildirilib ki, qəza ilə əlaqədar hazırda hadisə yerində təmir-bərpa işləri davam edir: "İntensiv, sürətli, fasiləsiz təmir işləri aparılır. Suyun tezliklə əvvəlki rejimlə bərpası üçün səfərbər rejimdə fəaliyyət göstərilir".
Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı artıq üçüncü gündür ki, Bakının 10 rayonunda və Abşeronda içməli suyun verilməsində fasilə yaranıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi məlumatında bildirilirdi ki, avqustun 19-u səhər başladılan təmir-bərpa işləri avqustun 20-si axşam saatlarında yekunlaşacaq və avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.