İQTİSADİYYAT

Azərbaycanda pensiyalar nə vaxt və nə qədər artacaq?

İqtisadçı-ekspert bildirib ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artıb.
Sputnik
BAKI, 21 avqust — Sputnik. "2025-ci ilin yanvar ayından etibarən Azərbaycanda həm pensiya məbləğində, həm də pensiya kapitalında artımlar qeydə alınacaq". Bunu VI çağırış Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib.
O bildirib ki, hər ilin yanvar ayında pensiya məbləğlərində artımlar müşahidə edirik: "Bu, pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Bütün növ əmək pensiyaları hər il indeksləşdirilərək artırılır. Mövcud qanunvericiliyə əsasən, əmək pensiyaları ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Pensiya kapitalı isə ildə bir dəfə inflyasiyanın illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Bu, o deməkdir ki, 2025-ci ilin yanvar ayında əmək pensiyalarındakı artımlar 2024-cü ildəki orta aylıq nominal əməkhaqqının illik artım faizinə uyğun olaraq həyata keçiriləcək. 2025-ci ilin yanvar ayında pensiyaların indeksləşdirilməsi əmək pensiyası alan bütün vətəndaşları əhatə edəcək və onların pensiya məbləğlərində artımlar müşahidə ediləcək".
"İlin sonuna doğru konkret rəqəmləri demək mümkün olacaq"
Deputat qeyd edib ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artıb: "Bu faiz növbəti aylarda və ilin yekununda dəyişə bilər. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Əmək pensiyası alan bütün vətəndaşların pensiyalarında növbəti ilin yanvar ayından etibarən artımlar olacaq. İlin sonuna doğru konkret rəqəmləri demək mümkün olacaq".
O bildirib ki, "Əmək pensiyaları haqqında" qanuna, eyni zamanda qüvvədə olan mexanizmlərə əsasən, pensiyalardakı artım indeksləşdirmə və yardım formasında həyata keçirilə bilər: "2022-ci ildə dövlət başçısının tapşırığı ilə pensiyaçılara yardımlar ödənilib. Daha sonra qanunvericiliyə edilən dəyişikliyə əsasən, həmin yardımlar da indeksləşdirmədə nəzərə alınıb və pensiya məbləğlərinə əlavə olunub. Məqsəd pensiya məbləğlərində indeksasiya nəticəsində daha yüksək artımlara nail olmaq idi".
"Pensiya kapitalının indeksləşdirilməsi pensiya kapitalının artmasına gətirib çıxarır"
Pensiya kapitalına gəldikdə isə deputat diqqətə çatdırıb ki, pensiya kapitalı inflyasiyanın illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir: "Hər bir vətəndaşın pensiya kapitalı var. Bu kapitalın inflyasiyadan qorunması üçün rəsmi inflyasiya səviyyəsinə uyğun olaraq pensiya kapitalında artımlar qeydə alınır. Yanvar ayından etibarən hər bir vətəndaşın pensiya kapitalı hesabında bu artımlar öz əksini tapır. Pensiya kapitalının indeksləşdirilməsi pensiya kapitalının artmasına gətirib çıxardır. Pensiya kapitalı nə qədər çox olarsa, vətəndaş daha çox pensiya almaq imkanı qazanır. 2025-ci ildə də pensiya kapitalında artımlar həyata keçiriləcək".
2024-cü ilin yanvarında pensiyalar 11,2 faiz artırılıb
Xatırladaq ki, bu ilin yanvar ayında ölkədə bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb. Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılıb. 2023-cü ildə orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,2 faiz artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Bu, vətəndaşlara hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən sosial ödənişlərin elektron sistem üzərindən təyinatının aparılmasını təmin edir.
2023-cü il yanvarın 1-dən Azərbaycanda bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi (vahid indeksasiya) tətbiq edilir. Pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir. Əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunub.