SƏHİYYƏ

Azərbaycana suçiçəyi əleyhinə peyvənd gətiriləcək? Rəsmi açıqlama

Yaxın gələcəkdə suçiçəyi və digər peyvəndlər dövlət tibb müəssisələrində vurulan vaksinlər sırasına daxil edilə bilər.
Sputnik
BAKI, 21 avqust — Sputnik. Azərbaycana suçiçəyi əleyhinə peyvənd gətirilməsi hələ nəzərdə tutulmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva nazirliyin instaqram hesabındakı canlı yayımda bildirib.
"Dünyada suçiçəyi əleyhinə vaksin var. Bu vaksini milli peyvənd təqviminə salan ölkələr də var. Hazırda bu peyvəndin Azərbaycana gətirilməsi gündəmdə deyil", - deyə o əlavə edib.
O, qeyd edib ki, yaxın gələcəkdə suçiçəyi və digər peyvəndlər dövlət tibb müəssisələrində vurulan vaksinlər sırasına daxil edilə bilər.
A.Əliyeva onu da bildirib ki, bu ilin sentyabr-oktyabr aylarında Azərbaycana qrip əleyhinə vaksinlər gətiriləcək.
Qeyd edək ki, Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçirilir. Bunadək ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.