BAKI, 21 avqust — Sputnik. "Rusiya ilə təhsilin fərqli pillələrində əməkdaşlığa zərurət var. Azərbaycan-Rusiya Universitetinin yaradılması həm də bizim vətəndaşlarımızın dünyanın ən böyük əmək bazarı olan Rusiyada vacib məqamlarda yer almasına imkanlar yaradacaq".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib.
Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Azərbaycan-Rusiya Universitetinin yaradılmasının planlaşdırıldığını açıqlayıb. Azərbaycanda səfərdə olan Putin bildirib ki, bu təşəbbüs Prezident İlham Əliyevlə müzakirə olunub və Sankt-Peterburq Dövlət Universiteti bu işə qoşulmağa hazırdır.
Xatırladaq ki, artıq cari tədris ilindən ölkəmizdə Türkiyə-Azərbaycan Universiteti öz fəaliyyətinə başlayacaq. Bunun ardınca Rusiya ilə də eyni formatlı ali təhsil ocağının təsis edilməsi nəzərdə tutulur.
Bəs görəsən, Azərbaycan-Rusiya Universitetinin yaradılması ölkə təhsil sisteminə hansı faydaları verə bilər?
Təhsil üzrə ekspert İlqar Orucov bildirib ki, artıq Azərbaycanda birgə universitetlərin yaradılması ənənəsi var. Son illərdə bu istiqamətdə müsbət təcrübələr mövcuddur.
"Mənim fikrimcə, Azərbaycanla Rusiya arasında bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bizim dövlət başçımız uzaqgörənliklə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqliyi inkişaf etdirir. Bu iki dövlət arasında əməkdaşlıq baxımından çox vacibdir. Rusiya Azərbaycanla qonşu və tərəfdaş dövlətdir. Bizim çox sayda soydaşımız Rusiyada işləyir, yaşayır. Ona görə də, Rusiya ilə təhsilin fərqli pillələrində əməkdaşlığa zərurət var. Azərbaycan-Rusiya Universitetinin yaradılması həm də bizim vətəndaşlarımızın dünyanın ən böyük əmək bazarı olan Rusiyada vacib məqamlarda yer almasına imkanlar yaradacaq",-deyə İlqar Orucov bildirib.
Həmsöhbətimiz deyir ki, Rusiyanın çox yaxşı təhsil ənənələri var. 70 illik dövrdə Rusiya ilə Azərbaycan arasında təhsil sahəsində böyük təcrübə yaranıb: "Dünya universitetləri arasında Rusiya universitetlərinin xeyli hissəsi yer alır. Bu da Rusiya ilə təhsil sahəsində əməkdaşlığı şərtləndirir. Gələcəkdə kadr hazırlığı, təcrübə mübadiləsinin hazırlığı müsbət nəticələr verə bilər. Azərbaycanda Rusiyanın iki möhtəşəm ali təhsil müəssisələrinin filialları fəaliyyət göstərir. Bu iki filialda kadr hazırlığı yüksək səviyyədə aparılır. Bu universitetlərdə birgə tədris aparılır. Azərbaycan-Rusiya Universitetinin yaradılması da bu işlərdən biri ola bilər. Bu həm də dövlətlərimizin ümumi əməkdaşlıq imkanlarını daha da inkişaf etdirəcək. Bu gün bizim xeyli sayda gəncimiz Rusiyada təhsil alır. Birgə universitet isə təhsil sahəsində əməkdaşlığa əlavə töhvə verəcək. Bu ölkəmizdə ali təhsildə rəqabət mühitinin formalaşmasına da müsbət təsirini göstərəcək".
Təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu da Azərbaycan-Rusiya Universitetinin yaradılmasının müsbət addım olduğunu söyləyib. O, Sputnik Azərbaycan-a açıqlamasında söyləyib ki, ölkəmizdə ali təhsil müəssisələrinin sayının çox olması müsbət haldır.
"Vladimir Putin Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Ölkə ərazisində təhsil müəssisələrinin, eləcə də bu yöndə beynəlxalq əməkdaşlıqların inkişafı alqışlanası haldır. Baxın, Türkiyə və İtaliya ilə ortaq universitetlərimiz varsa, Rusiya ilə niyə olmasın? Onlar bizə qonşudur. Münasibətlərimiz müttəfiqlik səviyyəsindədir. Biz də rusların təhsil sistemindən faydalana bilərik".
Ekspert Rusiya təhsil sisteminin üstünlüklərini sadalayıb:
O, bildirib ki, Rusiya universitetləri dünya reytinq cədvəlində ön sıralarda yer alır: " Rusiya təhsil sistemində müasir təcrübələr tətbiq olunur. Biz də bundan yararlana bilərik. Qeyd etdiyim kimi, onların təcrübələrindən yararlanmaq Azərbaycana ancaq fayda verə bilər".
Rizvan Fikrətoğlu Azərbaycan-Rusiya Universitetinin yaradılması təşəbbüsünün dəstəklədiyini qeyd edib. O, gələcəkdə yaradılacaq Azərbaycan-Rusiya Universitetində informasiya texnologiyaları ilə bağlı ixtisasların yaradılmasının daha səmərəli olacağı qənaətindədir.
Xatırladaq ki, Rusiya dövlət başçısı Rusiya Azərbaycanla çoxşaxəli və dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini söyləyib. Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra mətbuata bəyanatında bildirib ki, Azərbaycan-Rusiya Universitetinin yaradılması təşəbbüsü müzakirə olunub.
"Biz qarşılıqlı fəaliyyət üçün geniş imkanları müzakirə etdik. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 18 faiz artıb. Rusiya şirkətlərinin işi üçün yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə təşəkkür edirik", - Putin vurğulayıb.
O, 8000-dən çox azərbaycanlının Rusiyanın ali məktəblərində təhsil aldığını açıqlayıb. Əlavə edib ki, 1000-dən çox tələbə dövlət büdcəsi hesabına təhsil alır.
Putin Bakıda Azərbaycan-Rusiya Universitetinin yaradılmasının planlaşdırıldığını vurğulayıb: "Biz bu gün geniştərkibli danışıqlarda Bakıda Azərbaycan-Rusiya Universitetinin yaradılması təşəbbüsünü müzakirə etdik. Azərbaycan prezidenti bu ideyanı dəstəklədi. Ümid edirəm ki, bunu tezliklə həyata keçirəcəyik. Bizim tərəfimizdən bu işə Sankt-Peterburq Dövlət Universiteti qoşulmağa hazırdır".