BAKI, 20 avqust — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp prezident seçkilərində qalib gələrsə, sahibkar İlon Maskı öz müşaviri kimi görmək istədiyini bildirib.
Respublikaçılar Partiyasının namizədi dəqiqləşdirib ki, Ağ Evə qayıdarsa, Maskı Amerika administrasiyası rəhbərinin kabinetinə dəvət etməyi planlaşdırır. Tramp qeyd edib ki, iş adamı bu təkliflə razılaşarsa, şad olacaq.
Daha əvvəl Mask Tramp razılaşacağı təqdirdə onunla rəqs etməyə hazır olduğunu bildirmişdi. Mask sosial şəbəkələrdə yayımlanan neyron şəbəkəsi tərəfindən yaradılan və siyasətçi ilə "Bee Gees" qrupunun "Stayin' Alive" mahnısı ilə rəqs etdiyi videoya belə cavab verib.
Xatırladaq ki, Mask avqustun 13-də Trampdan müsahibə almışdı. Onların söhbətinin X* sosial şəbəkəsində yayımı "DDoS" hücumu nəticəsində yaranan texniki problemlərə görə, demək olar ki, 45 dəqiqə gecikmə ilə başlayıb. Mask sosial şəbəkəyə edilən bu hücumu Trampın fikirlərini ifadə etməsinə mane olmaq cəhdləri ilə əlaqələndirib.