DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan sərhəddə sanitar nəzarəti gücləndirib

Nazirlər Kabineti Afrika ölkələrindən, eləcə də xaricdən yoluxma halları qeydə alınan digər ölkələrdən gələn vətəndaşlara xüsusi diqqət yetirildiyini qeyd edib.
Sputnik
BAKI, 20 avqust — Sputnik. Qazaxıstan meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq üçün sərhəddə karantin və sanitar nəzarəti gücləndirib. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Nazirlər Kabinetinin "Telegram" kanalında yayılan məlumatda deyilir: "Bu infeksiyanın ölkəyə gətirilməsinin qarşısının alınması üçün dövlət sərhədinin buraxılış məntəqələrində sanitar-karantin nəzarəti gücləndirilib"
Hökumətin məlumatına görə, Qazaxıstanda epidemioloji vəziyyət sabitdir, meymunçiçəyi xəstəliyinə yoluxma halları qeydə alınmayıb. İnfeksiyaya yoluxmaqda şübhəli xəstələrin ölkəyə gəlməsi və müəyyən edilməsi zamanı hadisələrin inkişafının müxtəlif ssenariləri üzrə tibbi xidmətlərin fəaliyyət alqoritmləri hazırlanıb və lazımi miqdarda dərman preparatları təmin edilib.
Nazirlər Kabineti Afrika ölkələrindən, eləcə də xaricdən yoluxma halları qeydə alınan digər ölkələrdən gələn vətəndaşlara xüsusi diqqət yetirildiyini qeyd edib. Qeyri-məqbul ölkələrin siyahısı daim yenilənir.
Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin mayında meymunçiçəyi infeksiyasının ilk qeydə alınmasından bəri dünyada 99 minə yaxın xəstəliyə yoluxma faktı təsdiqlənib, onlardan 189-u ölümcüldür. Endemik ölkələr siyahısına Qana, Konqo, Kamerun, Liberiya, Nigeriya və Mərkəzi Afrika Respublikası daxildir. Bununla əlaqədar Qazaxıstan Səhiyyə Nazirliyi müntəzəm olaraq risklərin qiymətləndirilməsi, o cümlədən qonşu ölkələrdə epidemioloji vəziyyətin monitorinqini həyata keçirir.