BAKI, 19 avqust — Sputnik. Şuşada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) həsr olunmuş "Qarabağ ekosistemlərinə antropogen faktorların və iqlim dəyişikliklərin təsiri" mövzusunda beynəlxaq konfrans keçiriləcək.
Konfrans sentyabrın 30-da Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.
Konfransın keçirilməsində əsas məqsəd iqlim dəyişmələri, onların ətraf mühitə təsiri məsələlərini biologiya sahəsində çalışan alim və mütəxəssislərlə müzakirə etmək, çıxış yollarını axtarıb tapmaq üçün fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni bölüşməkdir.
Xatırladaq ki, ictimaiyyətdə noyabr ayında, COP29-un keçirildiyi müddətdə məktəblərin iki həftəlik bağlanaraq onlayn formata keçməsi barədə şayiələr yayılıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hökumətin COP29-la bağlı keçirdiyi ilk iclasda deyib ki, Bakı iki həftə ərzində təqribən 70-80 min xarici qonağı qarşılayacaq.
Məlumat üçün onu da bildirək ki, COP29 bu ilin noyabrında baş tutacaq. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu il Bakı Olimpiya Stadionunda keçiriləcək.
COP29 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıdır (COP29).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.