BAKI, 19 avqust — Sputnik. Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi, 91 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nugzariyə Mamedova məxsus "İstanbul" un məmulatları müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların bir sıra tələblərinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, həmçinin istehsal sahəsində xammal məhsullarının markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Xatırladaq ki, bundan öncə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində fəaliyyət göstərən fiziki şəxs Cəfərova Telli Hidayət qızına məxsus ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin qida obyektində müvafiq təmizlik işlərinin aparılmadığı müşahidə edilib. Bundan başqa, qida obyektinin mətbəx sahəsində havalandırma sistemi quraşdırılmadığı, qida məhsullarının, əllərin ayrıca yuyulması üçün müvafiq şəraitin təşkil edilmədiyi aşkarlanıb.
Aşkar olunan uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, məhdudlaşdırıcı qərar qəbul edilərək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.