NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünyanın əsas neft idxalçısı Çində tələbin düşməsi nefti ucuzlaşdırır

Keçən həftə Çində açıqlanan məlumatlar sənaye istehsalının yavaşladığını, işsizliyin artdığını və nəticədə iyul ayında iqtisadi artımın sürətinin azaldığını göstərib. Bu, Çində tələbin azalması ilə bağlı treyderlər arasında narahatlıq yaradıb.
Sputnik
BAKI, 19 avqust — Sputnik. Dünya bazarlarında neft qiymətlərində ucuzlaşma müşahidə edilir. Dünyanın əsas neft idxalçısı olan Çində tələbin zəifləməsi ilə bağlı narahatlıqlar bazara mənfi təsir göstərir və qiymətlər aşağı düşür. Digər tərəfdən, investorlar tədarük risklərini azalda biləcək Yaxın Şərqdə atəşkəs danışıqlarının gedişinə diqqət yetirirlər.
"Brent" markalı neft 13 sent ucuzlaşaraq 79,55 dollar, ABŞ-nin Qərbi Texas nefti 13 sent ucuzlaşaraq 76,52 dollar olub.
Qeyd edək ki, Çində tələb ilə bağlı narahatlıqlar keçən həftənin sonunda neft qiymətlərinin təxminən 2% azalmasına gətirib çıxardıb. Ümumiyyətlə isə keçən həftə ABŞ-də məlumatların inflyasiyanın zəiflədiyini və pərakəndə xərclərin artdığını göstərdikdən sonra qiymətlər bir qədər möhkəmlənib.
Keçən həftə Çində açıqlanan məlumatlar sənaye istehsalının yavaşladığını, işsizliyin artdığını və nəticədə iyul ayında iqtisadi artımın sürətinin azaldığını göstərib. Bu, Çində tələbin azalması ilə bağlı treyderlər arasında narahatlıq yaradıb.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün tələb proqnozunu aşağı salıb. Bu proqnozun verilməsinin əsas səbəbi Çində tələbin aşağı düşəcəyi gözləntiləridir. Dünyanın ən böyük neft idxalçısında iqtisadi fəallıq yaxşılaşma əlamətləri göstərmədiyi üçün Çin neft bazarları üçün əsas narahatlıq nöqtəsi olaraq qalıb.
Keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan nefti 1,82 dollar azalaraq 83,72 dollar təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.