BAKI, 19 avqust — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Rusiya Nəqliyyat Universitetində (RNU) təhsil alacaq tələbələrə təqaüd ayırıb. Bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
Məlumata görə, bu gün qurumda 2024-2025-ci tədris ili üzrə RNU-ya qəbul olunmuş və ADY-nin təqaüd proqramını qazanmış tələbələrlə görüş keçirilib.
2023-cü ildə Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Rusiyanın Nəqliyyat Nazirliyi arasında əldə olunmuş razılaşmaya əsasən azərbaycanlı tələbələrin bu universitetdə təhsil almaları üçün geniş şərait yaradılıb, təqaüd proqramı təsis edilib.
Tələbələr RNU-da müxtəlif dərəcələr üzrə – bakalavr, spesialitet və magistratura pillələri üzrə rus dilində təhsil alacaqlar. Təhsilin forması əyanidir.
Əməkdaşlıq çərçivəsində ADY tərəfindən RNU-da təhsil alacaq tələbələr üçün aylıq təqaüdün ayrılması, gediş-gəliş üzrə aviabiletin alınması, qurumun xidmət sahələrində təcrübə proqramında iştirak və işlə təmin olunma imkanları yaradılır. RNU öz növbəsində azərbaycanlı tələbələrin illik təhsil haqlarını qarşılayır, yataqxana ilə təmin edir və rus dili baryerinin aradan qaldırılması üçün əlavə olaraq rus dili üzrə hazırlıq fakültəsinin imkanlarını təklif edir.
1896-cı ildə təsis edilmiş RNU hazırda multidissiplinar və təcrübə yönümlü universitet olaraq nəqliyyat və daşımalar sahəsində kadr hazırlığını təmin edən Rusiyanın ən böyük təhsil müəssisəsidir. Universitet inkişaf strategiyasını sənaye tərəfdaşları və elm mərkəzləri ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirir.
Ümummilli Liderin məqsədyönlü siyasəti nəticəsində yüzlərlə azərbaycanlı gənc 1970-1985-ci illərdə RNU-da (keçmiş MIIT) nəqliyyat sektorunun müxtəlif sahələrində zəngin biliklərə yiyələnmək və sonradan bu bilikləri ölkəmizin nəqliyyat sisteminin inkişafında uğurla tətbiq etmək imkanı qazanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.