BAKI, 17 avqust — Sputnik. Ruben Vardanyanın Xankəndidəki iş otağından tapılmış “Naxçıvan atlası” bizə təqdim olunub və hazırda bu atlası təhlil edirik.
Bu barədə “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov məlumat verib.
O bildirib ki, bu atlası 2012-ci ildə Erməni Memarlıq Fondu nəşr edib, atlasda yer alan xəritələr başdan-ayağa saxtakarlıqlar üzərində qurulub:
“Atlasda iddia olunub ki, guya Naxçıvan daim erməni dövlətlərinin və knyazlıqlarının tərkibində əyalət olub. Bu xəritələr Azərbaycana qarşı ərazi iddialarıdır. Atlasda ilk xəritə guya yunan mütəfəkkiri Ptolemeyin II əsrdə yazdığı “Coğrafiya” əsəri əsasında tərtib olunub və orada “Böyük Ermənistan”dakı yer adları erməni toponimləri ilə verilib. Ancaq elmi ictimaiyyətə çoxdan məlumdur ki, Ptolemeyin “Coğrafiya” əsəri günümüzə gəlib çatmayıb, əsərin orijinalı IV əsrdə itib və yalnız 1000 il sonra versiyalarından biri tapılıb, iki dəfə də həmin versiya bir-birinə tam uyğun gəlməyən formada latın dilinə tərcümə olunub”.
Müqabil Bayramov onu da deyib ki, atlasda saxtalaşdırılmış bir sıra xəritələrdə Naxçıvan ərazisi heç bir əsas olmadan qırmızı xətlərlə işarələnib:
“Bu atlas Azərbaycana qarşı ərazi iddialarının guya tarixi legitimliyini saxtakarlıqlarla əsaslandırmaq üçün ucuz təbliğat materialıdır. Kartoqrafiya ciddi sahədir, onu siyasi oyunbazlığın alətinə çevirmək olmaz. Düşündürücüdür, Vardanyan Naxçıvanla niyə bu qədər maraqlanıb?! Görünür, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı onun çox arzusunu ürəyində qoyub” (Report).
19.04.24, 14:00
Ruben Vardanyanla bağlı məhkəməyə müraciət edildi
Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
Cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılır. Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.
Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.
Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi.
19.04.24, 17:54
Vardanyan Bakı həbsxanasında aclıq aksiyası keçirib? BQXK şərhdən imtina edib
Ruben Vardanyan Bakı həbsxanasında aclıq aksiyası keçirib. Ermənistan KİV-i bu barədə onun ailəsinin ofisinə istinadən xəbər yayıb.
Vardanyan “bütün erməni siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini” tələb edir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan təmsilçiliyi separatçı Vardanyanın “aclıq” aksiyasını şərh etməkdən imtina edib.
"BQXK Bakıda olan ermənilərin səhhətinin durumu barədə məlumatı açıqlaya bilməz, qurum bununla konfidensial olaraq məşğul olur” - ofis rəsmisi Amatuni qeyd edib.
27.09.23, 14:30
Vardanyan Laçın sərhəd buraxılış məntəqəsindən keçərkən saxlanılıb və Bakıya gətirilib
Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.
"Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib" - məlumatda deyilir.
***
Qarabağ separatçılarının keçmiş dövlət naziri (hökumət başçısı) Ruben Vardanyan Ermənistanın Sünik rayonunun Qoris şəhərinə getmək istəyərkən Azərbaycanla sərhəddə saxlanılıb. Bu barədə TASS-a Vardanyana yaxın mənbə məlumat verib.
"Ruben Vardanyan Laçın sərhəd buraxılış məntəqəsindən keçərkən saxlanılıb", - agentliyin həmsöhbəti bildirib.
Hələlik Azərbaycan tərəfi, eləcə də Ermənistan hakimiyyəti tərəfindən hər hansı açıqlama verilməyib.
Vardanyan 2022-ci ilin noyabrında qondarma rejimin dövlət naziri təyin edilib və 2023-cü ilin fevralında vəzifəsindən kənarlaşdırılıb. Rusiyalı iş adamı Vardanyan "Troyka Dialoq" şirkətinin təsisçisi və "Skolkovo" idarəetmə məktəbinin ilk prezidentidir. Ötən ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyətində olduğunu bəyan edib.
Onu Qarabağ separatçılarının "pul kisəsi" adlandırırdılar. Hesab edilirdi ki, Vardanyan Rusiyada qazandığı milyardlarla Qarabağın müstəqil subyekt kimi tanınmasına yardım edəcək. Onu "Qarabağın İvanişvilisi (Bidzina İvanişvili - Gürcüstanın sabiq baş naziri-red.)" adlandıranlar da vardı.