BAKI, 17 avqust - Sputnik. Türkiyənin Xarici İşlər Nazirliyi meşə yanğınlarındakı köməyə görə Azərbaycana təşəkkür edib.
Nazirlik bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Ölkəmizdə meşə yanğınlarının söndürülməsi işlərinə verdiyi dəyərli dəstəyə görə Can Azərbaycana təşəkkür edirik”, - paylaşımda deyilir.
Qeyd edək ki, Azərbaycan qısa zamanda yanğınların qarşısının alınması üçün “BE-200ÇS” amfibiya tipli təyyarəsini Türkiyəyə göndərəcək.
***
Azərbaycanın göndərdiyi yanğınsöndürmə təyyarəsi saat 23.00-da Adnan Menderes hava limanına enəcək.
Bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.
Nazir qeyd edib ki, gün ərzində daha 3 meşə yanğını baş verib. Hazırda 8 yanğının söndürülməsi davam edir, onlardan 4-ü artıq lokallaşdırılıb.
"Güclü küləyə baxmayaraq, yanğınla mübarizə 3 gündür davam edir. İzmirin Yamanlar rayonunda 3 təyyarə və 15 helikopter meşə yanğınlarının söndürülməsi ilə məşğuldur”, - nazir deyib.
İzmir şəhərinin Menderes rayonunda baş verən yanğının enerji ötürücü xəttindən qaynaqlandığı müəyyən edilib.
“Qapalı ərazilərin kənarında od yandırmaq olmaz”, - nazir xəbərdarlıq edib.