BAKI, 17 avqust - Sputnik. Avqustun 17-də dünyaca məşhur müğənni, bəstəkar, keçmiş SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 82-ci ildönümü tamam olub.
Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, bu münasibətlə nazirliyin nümayəndələri və tanınmış mədəniyyət xadimləri I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.
Müslüm Maqomayevin məzarı ziyarət edilib
© Photo : REPORT
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov, sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya çıxış edərək Müslüm Maqomayevin parlaq və zəngin yaradıcılığı barədə danışıb, onun doğma Vətəni Azərbaycana çox bağlı sənətkar olduğunu vurğulayıblar.
M.Maqomayevin təkcə müğənni yox, həm də heykəltaraş, pianoçu, rəssam, bəstəkar kimi də parlaq istedada malik olduğu qeyd edilib.
Müslüm Maqomayevin məzarı ziyarət edilib
© Photo : REPORT
Çıxışçılar ötən əsrin 60-70-ci illərində istedadı ilə geniş şöhrət qazanan M.Maqomayevin dünyanın ən məşhur konsert salonlarında anşlaqla keçən çıxışlarından, qastrol səfərləri, zəngin yaradıcılığı, böyük tirajlarla buraxılan valları haqqında danışıblar.
Xatırladaq ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin nəvəsidir.
Müslüm Maqomayevin məzarı ziyarət edilib
© Photo : REPORT
O, bir neçə beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək, birinci yerə və "Qızıl val" mükafatına layiq görülüb. Rəhbəri olduğu simfonik orkestrlə birgə həm keçmiş Sovet İttifaqının şəhərlərində, həm də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib.
M.Maqomayev 1964-cü ildə respublikanın Əməkdar artisti, 1971-ci ildə Xalq artisti, 1973-cü ildə SSR-nin Xalq artisti fəxri adlarına layiq görülüb. Əfsanəvi müğənni 1997-ci ildə müstəqil Azərbaycanın "Şöhrət", 2002-ci ildə isə "İstiqlal" ordenləri ilə təltif olunub.
Unudulmaz sənətkar 2008-ci il oktyabrın 25-də vəfat edib.