DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə meymunçiçəyinə yoluxma şübhəsi ilə bir nəfər karantinə alınıb

Xəstəliyin əlamətləri qızdırma, baş, bel və əzələ ağrıları, şişkinlik, zəiflik, halsızlıq, dəridə qabarcıqlar, öskürək, burun tutulması və titrəmədir.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Türkiyənin Sakarya bölgəsində Seneqal vətəndaşı meymunçiçəyinə yoluxma şübhəsi ilə karantinə cəlb edilib.
Türkiyə mətbuatının xəbərinə görə, onun dərisində əmələ gələn qabarcıqlar meymunçiçəyinə yoluxma şübhələrini artırıb və o, Sakaryanın Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, meymunçiçəyinin əlamətləri qızdırma, baş, bel və əzələ ağrıları, şişkinlik, zəiflik, halsızlıq, dəridə qabarcıqlar, öskürək, burun tutulması və titrəmədir. Bu nadir virus insanlara yaxın təmas, eləcə də heyvan vasitəsilə yoluxa bilir.
Əlavə edək ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma hadisəsi qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki, hazırda epidemioloji vəziyyət nəzarət altındadır.
Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymun çiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.