CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib

Bildirilir ki, kütləvi mərasimlərin keçirilməsi zamanı istehlaka təqdim olunan qida məhsulları mütləq şəkildə ictimai iaşə müəssisələrində mövcud norma və tələblərə uyğun şəkildə hazırlanmalı və istehlaka təqdim edilməlidir.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Son vaxtlar ictimai iaşə müəssisələrində, xüsusilə də ev şəraitində hazırlanan qida məhsullarının kütləvi tədbirlərdə, o cümlədən şənlik və yas mərasimlərində istehlak edilməsı nəticəsində zəhərlənmə hallarına rast gəlinir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar zamanı bir sıra ictimai iaşə müəssisələrində keçirilən müxtəlif tədbirlərdə qida təhlükəsizliyi ilə bağlı tələblərin pozulması hallarına yol verildiyi aşkarlanır. Həmçinin araşdırmalar zamanı ictimai iaşə müəssisələrinin sahibləri tərəfindən həmin obyektlərin məclis sahiblərinə gündəlik əsaslarla icarəyə verilməsi halları müəyyən olunur. Təbii ki, belə hallar ictimai iaşə müəssisələrinin rəhbərlərini baş verən hadisələrlə bağlı məsuliyyətdən azad etmir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bəzi hallarda icarəyə götürülmüş ictimai iaşə müəssisələrində verilən qidalar məclis sahibləri tərəfindən evdə heç bir gigiyenik tələblərə əməl olunmadan hazırlanaraq temperatur rejimi və sanitar-gigiyenik daşıma qaydaları gözlənilmədən həmin müəssisələrə gətirilərək qonaqlara təqdim edilir və həmin hallar kütləvi qida zəhərlənmələrinin baş verməsinə zəmin yaradır. Əksər hallarda ev şəraitində hazırlanan müxtəlif turşu, soyuq qəlyanaltı və salatlar, sərinləşdirici içkilər isə heç bir sağlamlıq sənədi olmadan digər yüksək riskli məhsullarla birlikdə kütləvi şəkildə istehlakçı süfrəsinə təqdim edilir:

"Ona görə də milli adət-ənənələrə ehtiram və xüsusi həssaslıq göstərməklə yanaşı, həmin tədbir iştirakçılarının həyat və sağlamlığı nəzərə alınmalı, bu sahədə mövcud qanunvericiliyin tələb və qaydalarına əməl olunmasının həyati əhəmiyyəti diqqət mərkəzində saxlanılmalıdır".

Toy, arxiv
Agentlik bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edərək onları bu cür qanunsuz fəaliyyətdən çəkinməyə çağırır. Bildirilir ki, kütləvi mərasimlərin keçirilməsi zamanı istehlaka təqdim olunan qida məhsulları mütləq şəkildə ictimai iaşə müəssisələrində mövcud norma və tələblərə uyğun şəkildə hazırlanmalı və istehlaka təqdim edilməlidir.
Həmin tələblərin gözlənilmədiyi və qanunsuz fəaliyyətlə bağlı hər hansı fakt aşkarlandığı təqdirdə mərasimin keçirildiyi ictimai iaşə müəssisəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə sərt tədbirlər görüləcək.
Xatırladaq ki, Qəbələdə yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində 55 nəfər zəhərlənib, araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub", - məlumatda qeyd edilib.

Yas mərasimi, arxiv
Bir neçə gün əvvəl Gəncədə yas mərasimində 40-dan çox insan qidadan zəhərlənmişdi.
Hadisə ilə bağlı AQTA da məlumat yayıb bildirmişdi ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.