BAKI, 16 avqust — Sputnik. Hindistan iyulda Rusiyadan 2,8 milyard dollar dəyərində neft alıb və dünyada Çindən sonra Rusiya karbohidrogen xammalının ikinci ən böyük idxalçısı olub. Bu barədə Hindistanın "CREA" tədqiqat mərkəzi məlumat yayıb.
Ötən ay Rusiyadan neft idxalında Çinin payı 47 faiz, Hindistanın payı isə 37 faiz olub. "CREA"nın hesabatında qeyd olunur ki, Qərb sanksiyaları Rusiyanı öz neftini aşağı qiymətə satmağa məcbur etdikdən sonra RF-dən illik idxal indi Hindistanın xaricdən ümumi neft alışının 40 faizini təşkil edir.
İyulda Rusiyanın "Urals" markalı xam neftinin qiyməti "Brent" markalı neftlə müqayisədə aylıq 9 faiz azalaraq 16,76 dollar/barelə enib.
Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 2023-cü ildə 65 milyard dollara çatıb. Rusiya Federasiyası Hindistanın dördüncü aparıcı ticarət tərəfdaşı kimi mövqeyini qoruyub saxlayır.
Ötən il Rusiya neftinin və neft məhsullarının Hindistana ixracı iki dəfə artaraq müvafiq olaraq 45 milyard və 4,5 milyard dollara yüksəlib. Moskva və Yeni Dehli ticarət hesablaşmalarını Hindistan rupisi ilə yanaşı, ABŞ dolları, BƏƏ dirhəmi və Çin yuanı ilə aparırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.