İQTİSADİYYAT

Bakı və Daşkənd nümayəndə heyətləri Kabildə: Əfqanıstanın mədən sektoru prioritetdir

İki ölkə rəsmilərinə Əfqanıstanda mədən fəaliyyəti və bu sektorda investisiya perspektivləri barədə məlumat verilib.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Azərbaycan və Özbəkistanın nümayəndə heyətləri Əfqanıstana birgə səfər ediblər və bu ölkənin sənaye və ticarət naziri vəzifəsini icra edən Nuruddin Əzizi ilə üçtərəfli görüş keçiriblər. Bu barədə Əfqanıstan mediası məlumat yayıb.
Azərbaycan tərəfdən nümayəndə heyətinə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Özbəkistan tərəfdən isə sənaye, ticarət və investisiya naziri Ləziz Kudratov rəhbərlik edib. Üçtərəfli görüşdə ticarət, investisiya, nəqliyyat, tikinti materialları və geoloji kəşfiyyat kimi məsələlər müzakirə olunub.

"Əsas müzakirə mövzuları ticarətin genişləndirilməsi, investisiya əməkdaşlığı, nəqliyyat və logistika sahəsində tərəfdaşlıq, karbohidrogen və faydalı ehtiyatların geoloji tədqiqi, Əfqanıstanın şimalında sement istehsalı layihəsinin həyata keçirilməsi, regional əməkdaşlıq, İpək Yolunun optimallaşdırılması, yeni dəmir yolu təşəbbüsləri və Əfqanıstanın İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) iştirakı olub", - Əfqanıstanın "Al-Emarah" nəşrinin məlumatında deyilir.

Nümayəndə heyətlərinə Əfqanıstanda mədən fəaliyyəti və bu sektorda investisiya perspektivləri barədə məlumat verilib. Görüş gələcək müntəzəm görüşlərin təşkili və üç ölkənin nümayəndələrindən ibarət birgə işçi qrupunun yaradılması ilə bağlı sazişlərlə başa çatıb.
Azərbaycan fevral ayında Əfqanıstanda diplomatik nümayəndəliyini açıb
Bu ilin fevralında Azərbaycan Əfqanıstanın müasir tarixində ilk səfiri olan İlham Məmmədovu Kabilə göndərib.
Azərbaycan səfiri "Taliban"* hərəkatının xarici işlər naziri Əmir Xan Müttəqi ilə ilk görüşündə Azərbaycan ilə Əfqanıstan arasında bir çox sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib.
Bundan əlavə, tərəflər qarşılıqlı maraq doğuran bir sıra layihələri, xüsusilə Azərbaycan, Gürcüstan, Türkiyə, Türkmənistan və Əfqanıstanın nəqliyyat-logistika infrastrukturunu birləşdirmək üçün nəzərdə tutulan Lazurit dəhlizini (Lapis-Lazuli) müzakirə ediblər.
* Rusiya Federasiyası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli qərarı ilə Taliban hərəkatı terror təşkilatı kimi tanınıb. Onun Rusiyada fəaliyyəti qadağandır.