BAKI, 16 avqust — Sputnik. Sentyabrın 10-da İstanbulda Azərbaycan-Türkiyə-Türkmənistan biznes forumu keçiriləcək.
Bu barədə forumun təşkilatçısı olan Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinə (DEIK) istinadən xəbər verir.
Məlumatda bildirilib ki, forumda Türkiyənin ticarət naziri Ömər Bolat, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev iştirak edəcəklər.
"Foruma üç ölkənin biznes strukturlarının liderləri və iş adamlarının da qatılacağı gözlənilir", - DEİK-dən qeyd edilib.
Xatırladaq ki, 2022-ci ilin dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.
Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.