RUSİYA

Azərbaycan Rusiyaya yük avtomobilləri ixrac edəcək

İş adamı bildirib ki, il ərzində 100 ədəd yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsal ediləcəyi müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir.
Sputnik
BAKI, 16 avqust — Sputnik. "Azərbaycanda istehsal olunacaq "Iveco" markalı yük avtomobilləri Rusiya, Gürcüstana, İran və Türkmənistana ixrac ediləcək". Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, avtomobillərin gələcək istehsalçısı "Az-Tex-Import" MMC-nin təsisçisi Samir İbadullayev bildirib.
Onun sözlərinə görə, il ərzində 100 ədəd yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsal ediləcəyi müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir:

"Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılmasına başlanılacaq. 90 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 19,2 milyon manatdır, bunun 6 milyon manatdan çoxu artıq xərclənib".

Sənaye parkları
Xatırladaq ki, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb. Sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında torpaq sahələri dövlət mülkiyyətindədir və rezidentlərə müqavilə əsasında uzunmüddətli icarəyə verilir.
Ölkəmizdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasının əsas məqsədi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlamaq, həyata keçirilməsini təmin etmək, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərini həyata keçirməkdir.
Hazırda Agentliyin idarəçiliyində olan 6 sənaye parkı aşağıdakılardır:
Sumqayıt Kimya Sənaye Parkı
Pirallahı Sənaye Parkı
Qaradağ Sənaye Parkı
Ağdam Sənaye Parkı
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı
Mingəçevir Sənaye Parkı.
Sənaye zonalarına sahibkarların marağı artmaqda davam edir
2024-cü ilin 7 ayında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 20 sahibkarlıq subyektinə rezident statusu verilib. Bunlardan 10-u Ağdam Sənaye Parkının, 5-i "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, 1-i Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına ümumilikdə 118 milyon manatdan çox investisiyanın yatırılması, 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Rezidentlər sənaye zonalarında fibrobeton və polistirolbeton bloklar, quru inşaat qarışıqlar, mikronlaşdırılmış və örtülmüş kalsit, əhəng və perlit, tamet daşları, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklər, ortopedik matras və yumşaq mebellər, qan depolama və test qablarının və s. məhsulların istehsalını həyata keçirəcəklər.
Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. 2024-cü ilin birinci yarısında sənaye zonalarında 1,4 milyard manatlıq satış həyata keçirilib, bunun da 477 milyonluq hissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,1%, ixracında isə 26,9% təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.