CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Araz çayı məqsədyönlü olaraq çirkləndirilib - Baş prokuror

Baş prokuror Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasəti nəticəsində Azərbaycan əhalisinin illərdir Şərqi Zəngəzurda olan zəngin su ehtiyatlarından məhrum qaldığını vurğulayıb.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub. Bu sözləri Baş prokuror Kamran Əliyev avqustun 16-da Naxçıvanda keçirilən "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda elmi-praktiki konfrans zamanı qeyd edib.
Onun sözlərinə görə, BMT-nin Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası (ESPO), "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" BMT-nin 1992-ci il tarixli Konvensiyası, eləcə də həmin Konvensiyanın "Su və sağlamlıq haqqında" 1999-cu il 17 iyun tarixli Protokollarından irəli gələn öhdəliklər Ermənistan tərəfindən kobud şəkildə pozulub.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasətin acı nəticələrindən birinin ölkənin su ehtiyatlarının yararsız vəziyyətə gətirilməsi olduğuna diqqət çəkən Baş prokuror bunun nəticəsində Azərbaycan əhalisinin illərdir Şərqi Zəngəzurda olan zəngin su ehtiyatlarından məhrum qaldığını vurğulayıb.
O, Xankəndidən sonra növbəti konfransın Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib:

"Uzun müddət davam etmiş Azərbaycan və Ermənistan münaqişəsinin gedişatında təəssüflər olsun ki, Araz çayı sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla məqsədyönlü olaraq çirkləndirilib və hazırda da bu proses davam etdirilir. Hazırda da Ermənistan ərazisindən keçməklə ölkəmizə daxil olan çayların xüsusən də Araz və onun qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.