DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ İranın nüvə infrastrukturuna zərbə endirməlidir - İsrail XİN

Diplomat hesab edir ki, ABŞ İranın nüvə infrastrukturunu məhv etməklə bu müharibəni "yarım günə" qazana bilər.
Sputnik
BAKI, 16 avqust — Sputnik. İsrail və İran arasında tammiqyaslı müharibə qaçılmazdır, ABŞ İranın nüvə infrastrukturuna zərbə endirməklə ona qarşı mümkün qədər tez hərəkətə keçməlidir. Bunu İsrail Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Flyor Hassan-Nahum bəyan edib.
Daha əvvəl CBS News öz mənbələrinə istinadən xəbər vermişdi ki, İran hakimiyyəti İsrailə mümkün kütləvi zərbə ilə bağlı daxili müzakirələri hələ də davam etdirir, eyni zamanda gizli kəşfiyyat əməliyyatı keçirmək variantı da nəzərdən keçirilir.

"Bu qaçılmazdır. ABŞ-ın etməli olduğu yeganə şey İranın nüvə infrastrukturunu yalnız öz malik olduğu avadanlıqla hədəf almaqdır. Biz bunu özümüz edə bilmərik", - Hassan-Nahum Newsweek-ə müsahibəsində yaxınlaşan İsrail və İran arasında müharibə ehtimalından danışarkən deyib.

Qəzetin yazdığına görə, Hassan-Nahum hesab edir ki, ABŞ İranın nüvə infrastrukturunu məhv etməklə bu müharibəni "yarım günə" qazana bilər. Eyni zamanda qəzet qeyd edir ki, Ağ Evin nə vaxtsa belə bir addım atmağa çalışacağına şübhə ilə yanaşır.
Qəzetin yazdığına görə, israilli diplomat bununla belə hesab edir ki, İranın ritorikası İsraildə çox gərgin atmosfer yaradıb və narahatlıq o həddə çatıb ki, İran və onun müttəfiqləri psixoloji müharibədə qalib gəlir.
İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum zamanı öldürülüb. Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlı heç bir şərh verməyiblər. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud daha sonra HƏMAS siyasi bürosunun rəhbərinin ölümündə ABŞ-ın əli olmadığını bildirib.
İyulun 31-i axşam saatlarında "New York Times" qəzeti mənbələrə istinadən iddia edib ki, İranın ali dini lideri Əli Xamneyi Tehranda Haniyyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib. Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani BMT Təhlükəsizlik Şurasının iclasında deyib: Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Həniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.