BAKI, 15 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin və Özbəkistan prezidenti Şavkat Mirziyoyev telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın dinamik inkişaf edən əsas məsələlərinə toxunublar. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Özbəkistan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı baş tutub.
Mirziyoyevin mətbuat xidməti öz növbəsində qeyd edir ki, Özbəkistan və Rusiya prezidentləri Putinin mayın 26-28-də Özbəkistana dövlət səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər.
"Ticarət həcminin artırılması üçün əlaqələndirilmiş tədbirlərin görülməsi, iki ölkənin aparıcı müəssisələri və regionları arasında kooperasiya əlaqələrinin inkişaf etdirilməsi, birgə investisiya layihələrinin və humanitar proqramların həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib", - məlumatda bildirilir.
Özbəkistan liderinin mətbuat xidməti əlavə edib ki, söhbət zamanı qarşıdan gələn ikitərəfli və çoxtərəfli tədbirlərin qrafiki də müzakirə olunub.