AZƏRBAYCAN XƏBƏRLƏRİ

MSK sədri: Azad edilən ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək

Məzahir Pənahov deyib ki, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti olacaq.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar azad edilmiş ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.