BAKI, 14 avqust — Sputnik. Cəlilabad rayonunda ata və qızı su quyusuna düşüb. Hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Rayon sakini Həsənağa Məmmədov və onun 20 yaşlı qızı Nəsibə Məmmədova su quyusuna düşüb. Bir qədər əvvəl atanın meyiti quyudan çıxarılıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu və 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.