BAKI, 13 avqust - Sputnik. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağa tələsmir. Amma sülh bizdən çox Ermənistanın özünə lazımdır.
Bu sözləri Demokratik İslahatlar Partiyasının sədri, 1 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürmüş Asim Mollazadə seçki kampaniyası çərçivəsində seçicilərlə görüşü zamanı deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə aparılan bərpa və yenidənqurma işləri ona şahid olan hər kəsi təəccübləndirir:
"Azərbaycanın belə qısa müddətdə bu qədər böyük işləri bacarması ölkəmizə gələn hər kəsi təəccübləndirir. Əgər planlaşdırılan işlərin hamısı həyata keçsə, ermənilər Azərbaycanla sülh müqaviləsi bağlamağa tələsmədiyi üçün təəssüf edəcək".
Vətəndaşlarla Asim Mollazadələ arasında görüş
© Sputnik
Mollazadə, Ermənistanın özünə Qərbdə yeni havadarlar axtarmasını, onları regiondakı hərbi-siyasi proseslərə cəlb etmək istəməsini qeyri-sağlam yanaşma adlandırıb. Onun fikrincə, Ermənistanın nicatı Qərbdə yox, məhz yaxın qonşularındadır.
Ötən dövrdəki parlament fəaliyyəti barədə seçicilərinə hesabat verən Mollazadə, seçki platformasında prioritet təşkil edən məsələlərə toxunub. O, artıq Azərbaycan ərazilərinin işğaldan azad edildiyini, “Böyük qayıdış” layihəsinin uğurla davam etdiyini söyləyib.
Qeyd edib ki, indi qarşıda duran əsas vəzifələr Ermənistanla sülh şəraitini qoruyub saxlamaq, ölkənin beynəlxalq və regional enerji dəhlizləri layihələrini, eləcə də yaşıl enerji platformasını reallaşdırmaqdır. Bu layihələr Azərbaycanı nəinki regionda əsas oyunçuya çevirir, həm də xalqımızın rifahının yüksəlməsinə hədəflənib.
Vətəndaşlarla Asim Mollazadələ arasında görüş
© Sputnik
Asim Mollazadə seçicilərdən ölkədə gedən proseslərə və islahatlara dəstək verməyi, əl-ələ verərək ümumi problemlərin həllində iştirak etməyi xahiş edib.
Seçicilər də öz növbələrində Asim Mollazadəyə onların problemlərinə hər zaman diqqət göstərdiyinə və ölkə üçün həyati vacib məsələləri parlamentin gündəminə gətirdiyinə görə təşəkkür ediblər.
Vətəndaşlarla Asim Mollazadələ arasında görüş
© Sputnik