SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səhhətinə görə və digər üzrlü səbəbdən məntəqələrə gedə bilməyənlər necə səs verə bilər?

Səsvermə otağından kənarda səs vermək istəyən şəxs özü və ya digər şəxs vasitəsilə seçki gününə ən azı 24 saat qalmış bu barədə müvafiq məntəqə seçki komissiyasına yazılı və ya şifahi müraciət etməlidir.
Sputnik
BAKI, 13 avqust — Sputnik. Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsinə 18 gün qalıb. Seçicilər sentyabrın 1-də öz namizədinə səs vermək üçün məntəqələrə üz tutacaqlar. Ancaq elə seçicilər də var ki, səhhətinə görə və ya digər üzrlü səbəbdən seçki günü səs vermək üçün seçki məntəqəsinə gedə bilməyəcəklər.
Belə olan halda onlar nə etməlidirlər?
"Seçki 2024" Müstəqil Media Mərkəzinin məlumatına görə, Seçki Məcəlləsinin 105-ci maddəsinə əsasən, seçki günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyən vətəndaşların daşınan seçki qutusu ilə səsvermə otağından kənarda səs vermək hüququ var.

"Səsvermə otağından kənarda səs vermək istəyən şəxs özü və ya digər şəxs vasitəsilə seçki gününə ən azı 24 saat qalmış bu barədə müvafiq məntəqə seçki komissiyasına yazılı və ya şifahi müraciət etməlidir", məlumatda deyilir.

Qeyd olunur ki, seçki günü məntəqə seçki komissiyasının azı iki üzvü müşahidəçilərin iştirakı ilə daşınar seçki qutusunu vətəndaşın göstərdiyi ünvana gətirir. Beləliklə, vətəndaşın səsvermədə iştirak etmək hüququ təmin olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.