DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Hərbi Dəniz Qüvvələri Astarada təlimlər keçirir

İki gün əvvəl İranın qərbindəki Kirmanşah əyalətinin İraqla həmsərhəd Qəsre Şirin şəhəri yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi təlimlər keçirdiyi bildirilib.
Sputnik
BAKI, 13 avqust - Sputnik. İran Hərbi Dəniz Qüvvələri çərşənbə axşamı axşam İranın şimal-qərbindəki Gilan əyalətinin Astara şəhəri yaxınlığındakı bazada təlimlər keçirəcək. Bu barədə Mehr agentliyi şəhərin siyasət, cəmiyyət və təhlükəsizlik üzrə prefekt müavini Seyid Həmid Musəviyə istinadən xəbər verib.

“Çərşənbə axşamı axşam İran İslam Respublikası ordusunun Astaradakı hərbi-dəniz bazası ərazisində hərbi dəniz təlimləri keçiriləcək”, - Musəvi bildirib.

Prefekt müavininin qeyd etdiyi kimi, təlimin məqsədi “strateji müdafiə dəniz qüvvələrinin hazırlığını təkmilləşdirməkdir”.
Musəvi qeyd edib ki, təlimlər zamanı xəyali hədəf hava hücumundan müdafiə sistemləri ilə hücuma məruz qalacaq.
İki gün əvvəl İranın qərbindəki Kirmanşah əyalətinin İraqla həmsərhəd Qəsre Şirin şəhərinin prefekti Məhəmməd Nəcəfi İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) hərbi təlimlər keçirdiyini bildirib.
Nəcəfinin sözlərinə görə, “təlimlər qüvvələrin hazırlanması və bacarıqlarının təkmilləşdirilməsi üçün keçirilir”.
Təlimlərlə bağlı xəbərlər iyulun 31-də Fələstin HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində həlak olmasından sonra bölgədə gərginliyin artması fonunda yayılıb.
Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlı heç bir şərh vermədiklərini bildiriblər.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, HƏMAS Siyasi Bürosunun rəhbərinin ölümündə ABŞ-ın əli yoxdur.
İyulun 31-i axşam saatlarında ABŞ-nin “New York Times” qəzeti mənbələrə istinadən iddia edib ki, İranın ali dini lideri Əli Xamneyi Tehranda Haniyyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib.
Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Həniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.