İQTİSADİYYAT

Azərbaycanın kredit reytinqi investisiya səviyyəsinə yüksəldilib

Beynəlxalq kredit reyting agentliklərinin qiymətləndirmələri ölkədə fəaliyyət göstərən şirkətlərin səhmlərinin bahalaşmasına təsir göstərir.
Sputnik
BAKI, 13 avqust — Sputnik. "Fitch Ratings" beynəlxalq kredit reyting agentliyi Azərbaycanın reytinqini bir pillə artıraraq investisiya dərəcəli reytinqə yüksəldib. Ölkənin reytinqinin "BBB-" səviyyəsinə qaldırılması onun investisiya reytinqinin olması deməkdir və bu, son 8 ildə ilk dəfədir baş verir.
Xarici investorlar Azərbaycan haqqında məlumatı reytinq təşkilatlarından öyrənir
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, beynəlxalq kredit reyting agentliklərinin qiymətləndirmələri ölkədə fəaliyyət göstərən şirkətlərin səhmlərinin bahalaşmasına və s. təsir göstərir:
"Beynəlxalq təşkilatlar da reytinq dərəcələrinə əhəmiyyət verirlər. Nəhayət, "Fitch Ratings" Azərbaycanın kredit reytinqini artırdı və bu, kifayət qədər əhəmiyyətlidir. Azərbaycan tərəfindən xüsusən də işğaldan azad edilmiş ərazilərə investisiya qoyulması üçün xarici investorlara çağırışlar edilir. Çox vaxt xarici investorlar Azərbaycan haqqında məlumatı ayrı-ayrı mənbələrdən, o cümlədən beynəlxalq reytinq təşkilatlarının qiymətləndirmələrindən öyrənirlər".
İnfoqrafika: Azərbaycana investisiyaları ən çox artıran ölkə
"Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşları artıb və ölkəmiz bunun daha da artırılmasında maraqlıdır. Hesab edirəm ki, gələcəkdə beynəlxalq reytinq təşkilatları Azərbaycanın kredit reytinqini daha yüksəldəcəklər" - ekspert əlavə edib.
Maliyyə Nazirliyi "Fitch Ratings"in qərarını təqdir edir
Azərbaycanın Maliyyə Nazirliyi "Fitch Ratings" beynəlxalq kredit reyting agentliyinin Azərbaycanın reytinqinin investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir edir. Nazirlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, 8 ildən sonra reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə "Stabil" olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürüdür.
Diqqətə çatdırılıb ki, Maliyyə Nazirliyi əvvəlki qiymətləndirmələrdə beynəlxalq kredit reyting agentliklərini ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirməkdə qınamışdı: "Sevindirici haldır ki, artıq "Fitch Ratings" ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə dair qərar qəbul edib".
"Ümidvarıq ki, digər beynəlxalq kredit reyting agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcəklər" - məlumatda bildirilib.
"Fitch Ratings" Azərbaycanın reytinqini "BBB-" səviyyəsinə yüksəldib
Qeyd edək ki, "Fitch Ratings" reytinq agentliyi Azərbaycanın kredit reytinqini "BB+" səviyyəsindən "BBB-" səviyyəsinə qaldırıb. Reytinq agentliyinə görə, bu artım ölkənin güclü xarici ticarət balansını, azalan xarici valyuta həssaslığını, aşağı dövlət borcunu və inkişaf edən monetar siyasəti əks etdirir. İllik inflyasiya 2024-cü ilin birinci yarısında Mərkəzi Bankın 4 faizlik hədəf diapazonundan aşağı qalıb və bu il illik inflyasiyanın 3,5% səviyyəsində olacağı, 2026-cı ilə qədər isə 4,7%-ə yüksələcəyi gözlənilir.
Agentliyin proqnozlarına görə, Azərbaycanda iqtisadi artımın bu il 3,2%-ə qədər bərpa olunacağı, 2025-ci ildə iqtisadi artımın 2,7%, 2026-cı ildə isə 2,3% olacağı gözlənilir.
Azərbaycana birbaşa xarici investisiya qoyuluşu artır
Xatırladaq ki, Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların ümumi məbləği 1,5 milyard dollar təşkil edib. Bu, ötən ilin birinci rübü ilə müqayisədə 0,4 faiz çoxdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 87,6 faiz təşkil edib. Qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 186,5 milyon dollar olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, birbaşa xarici investisiyaların artması Azərbaycan iqtisadiyyatı üçün çox müsbətdir: "Çünki birbaşa xarici investisiyaların qoyulması ilə ölkəyə beynəlxalq bilik və təcrübələr gətirilir. Əksər hallarda ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar uğurlu olur". O, bildirib ki, son dövrlərdə Azərbaycanda aparılan islahatlar (Ələt azad iqtisadi zonasının yaradılması və s.), regionda ölkəmizin yetərincə nüfuza malik olması xarici investorlarda inam yaradıb və onlar respublikamıza investisiya qoyurlar. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qoyulan xarici investisiyaların gələcəkdə artacağını gözləyirəm.
Ötən il Rusiyadan Azərbaycana investisiya qoyuluşu artıb
Onu da əlavə edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2023-cü ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa investisiyanın məbləği illik müqayisədə 19,1 faiz artıb. Keçən il Rusiya Azərbaycana 617 milyon dollar məbləğində birbaşa investisiya yatırıb.