BAKI, 13 avqust — Sputnik. Rusiyanın Krasnoyarsk vilayətindən olan biznesmenlər Azərbaycanla maşınqayırma və metallurgiya, turizm, qida sənayesi və aqrar-sənaye kompleksi kimi sahələrdə əlaqələri genişləndirmək niyyətindədir.
Rusiya KİV-lərinin məlumatına görə, bu barədə "İşgüzar Rusiya"nın Krasnoyarsk regional bölməsinin sədri Anton Jerebtsov regionun iş adamlarından ibarət nümayəndə heyətinin Bakıya işgüzar səfərinin yekunları üzrə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfərin məqsədi dost ölkələrdəki tərəfdaşlarımızla iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əlaqələri genişləndirməkdir:
"Biz idxalı əvəz edən texnologiyaların cəlb edilməsində də fəal əməkdaşlıq edirik. Nümayəndə heyətinin üzvləri Azərbaycanın avtomobil və qida sənayesinin flaqmanları olan şirkətlərin imkanları ilə tanış olublar. Bundan əlavə, biz ölkələrimizin və onların regionlarının turizm potensialının perspektivlərini müzakirə etdik".
Səfər çərçivəsində Krasnoyarsk diyarında fəaliyyət göstərən şirkətlərin rəhbərləri Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Ticarət və Sənaye Palatasının, Azərbaycanın Rus İcmasının nümayəndələri, eləcə də ticarət nümayəndələri ilə görüş keçiriblər.
Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub
Xatırladaq ki, bu yaxınlarda iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titovla görüşüb.
Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf etdiyi, dövlət başçılarının ölkələrimiz arasında münasibətlərin genişlənməsinə önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, Rusiya ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti regional tərəfdaşlığın genişləndirilməsi üçün yeni fürsətlər təqdim edir. Dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlıq və dialoqun qurulması vacibdir.
Görüşdə ölkələrimizin iqtisadi əlaqələrini gücləndirmək üçün potensial istiqamətlərin müzakirəsinin önəmi vurğulanıb. Dayanıqlı inkişaf və ətraf mühit, sosial və idarəetmə üzrə birgə iş, davamlı təşəbbüslərin dəstəklənməsi, qarşılıqlı investisiyaların və özəl sektorda tərəfdaşlığın təşviqi, həmçinin COP29 çərçivəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.