İQTİSADİYYAT

Azərbaycan iqtisadiyyatı necə böyüyür

Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 faiz, 2025-ci ildə 2,9 faiz səviyyəsində gözlənilir.
Sputnik
BAKI, 13 avqust — Sputnik. Cari ilin yanvar-iyul aylarında ölkədə 70,5 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri-neft-qaz sektorunda isə 6,7 faiz artıb.
ÜDM istehsalının:
38,4 faizi sənaye,
9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri,
7,0 faizi nəqliyyat və anbar təsərrüfatı,
6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
5,7 faizi tikinti,
2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə,
1,8 faizi informasiya və rabitə sahələrinin,
19,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib.
Proqnozlar nə deyir?
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 59,5 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Əhalinin hər nəfərinə düşən ÜDM 5840,7 manata bərabər olub.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 faiz, 2025-ci ildə 2,9 faiz səviyyəsində gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 3,8 faiz, 2025-ci ildə 2,8 faiz təşkil edəcək.
"Əsas məqsədlərdən biri iqtisadi artımın sürətləndirilməsidir"
Ekspertlərin sözlərinə görə, adambaşına düşən ÜDM-in artımı da müşahidə olunur. Hökumətin əsas məqsədi bu artımı stimullaşdırmaqdır. Dayanıqlı iqtisadi artımın təmin edilməsi sonda həyat səviyyəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Əsas məqsədlərdən biri iqtisadi artımın sürətləndirilməsi və iqtisadi inkişafda əhalinin inklüzivliyinin təmin edilməsidir. Bu baxımdan ölkəmizin potensialı çox böyükdür. Tədbirlər də onu göstərir ki, iqtisadi artımın daha da sürətləndirilməsi və dayanıqlı formada təmin edilməsi istiqamətində çalışılır.
Xatırladaq ki, bundan bir müddət öncə Baş nazir Əli Əsədov sərhədlərin bağlı olmasının ümumi daxili məhsulun (ÜDM) artımına təsiri olmadığını deyib:

"2020-ci ilin 31 mart tarixindən başlayaraq Azərbaycanın quru sərhədləri bağlıdır. Quru sərhədləri bağlı olsa da, 2021-ci ildə ÜDM 5,6 faiz, 2022-ci ildə 5,7 faiz artıb".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
İqtisadi inkişaf üçün risk? Azərbaycanın ümumi dövlət borcu artacaq