TƏHSİL

Ali məktəblərə ixtisas seçimi edərkən abituriyent məsləhət mərkəzlərinə müraciət edin

DİM-in məlumatına görə, ixtisas seçimi avqustun 19-dək davam edəcək.
Sputnik
BAKI, 12 avqust — Sputnik. Abituriyent məsləhət mərkəzlərinin fəaliyyət dairəsi daha da genişləndirilib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, hazırda ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir.
Müsabiqədə iştirak edənlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər.
Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərir.
Səyyar abituriyent məsləhət mərkəzlərinin iş qrafiki və ünvanları barədə məlumatı bu linkdən əldə etmək olar. Məsləhət mərkəzlərinin ünvanları Dövlət İmtahan Mərkəzinin saytında verilib.
09.08.24, 10:43
Diqqət: Ali məktəblərə ixtisas seçimi başlayıb
Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi başlayır.
DİM-in məlumatına görə, ixtisas seçimi avqustun 19-dək davam edəcək.
Seçim bütün ixtisas qrupları üzrə internet vasitəsilə aparılır.
Məlumat üçün qeyd edək ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5890 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılıb. Bundan 14 min 407 yerə qəbul dövlət sifarişi əsasında aparılır.
Ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 335, rus bölməsi üzrə 575 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2640 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 550 plan yeri ayrılıb. II ixtisas qrupunda 4390 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.
III ixtisas qrupuna gəlincə, Azərbaycan bölməsi üzrə 11 min 854, rus bölməsi üzrə 1410 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2195 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 459 yer ayrılıb. Bu yerlərdən 4318-nə qəbul dövlət sifarişi əsasında aparılır.
IV ixtisas qrupunda isə Azərbaycan bölməsi üzrə 3520, rus bölməsi üzrə 330 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 750 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4600 plan yeri ayrılıb. Bu yerlərdən 3135-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkün olur. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
24.06.24, 19:37
Abituriyentlərə şad xəbər: Ali məktəblərə qəbul planı artırıldı
Qəbul planı ötən illə müqayisədə 7.87 faiz artırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.
Qeyd edilib ki, 2023/2024-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 55907 yer ayrılıb.
"Bunlardan 617 yeri qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər (350 yer "ADA" Universitetinə SAT balına əsasən, 124 yer "ADA" Universitetinə "ADA" məktəbinin məzunu kimi qəbul olunanlar) tutub. Qalan yerlərdən 40568-i Azərbaycan bölməsi, 3537-si rus bölməsi, 11185-i isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planındakı 46066 yer dövlət, 9224 yer isə özəl ali təhsil müəssisələrinin payına düşürdü. Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün 26039 yer nəzərdə tutulub. Bunlardan 128 yeri qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tutub" - əlavə edilib.
14.06.24, 17:13
Qəbul imtahanında iştirak etmək istəyənlərin nəzərinə!
Qarşıdan gələn bayram günləri ilə əlaqədar I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat müddəti 19 iyun saat 23:59-dək uzadılıb.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər.
2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.
14 iyun saat 15:30-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 14926, II ixtisas qrupu üzrə 13059, III ixtisas qrupu üzrə 15514, IV istisas qrupu üzrə isə 3984 abituriyent qeydiyyatdan keçib.
İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçən abituriyentlər iştirak edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.