BAKI, 12 avqust — Sputnik. FTX və Rusiya Qvardiyası Rusiyanın sərhədyanı bölgələrində anti-terror əməliyyatı rejimini təmin etməlidir. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Putin bazar ertəsi təhlükəsizlik blokunun nümayəndələrinin iştirakı ilə Rusiya Federasiyasının sərhədyanı rayonlarında vəziyyətlə bağlı operativ iclas keçirib.
"Federal Təhlükəsizlik Xidməti Rusiya Qvardiyası ilə birlikdə antiterror əməliyyatı rejimini və düşmənin təxribat və kəşfiyyat qruplarına qarşı effektiv mübarizəni təmin etməlidir", - prezident deyib.
Rusiya lideri qeyd edib ki, düşmən layiqli cavabını alacaq, Rusiyanın qarşısında duran bütün məqsədlərə nail olunacaq.
"Düşmən, şübhəsiz ki, layiqli cavabını alacaq və qarşımızda duran bütün məqsədlərə heç bir şübhə olmadan nail olunacaq", - Rusiya lideri sərhədyanı rayonlardakı vəziyyətlə bağlı videokonfrans vasitəsilə keçirilən operativ müşavirədə bildirib.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, avqustun 6-da saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin min nəfərə qədər olan bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib. O qeyd edib ki, onların Rusiya ərazisinə doğru irəliləməsi dayandırılıb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, Kursk vilayətində əməliyyat düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışla başa çatacaq.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kursk vilayətində irəliləməyə cəhd edən Ukrayna Silahlı Qüvvələri 2 gün ərzində artıq 660 hərbi qulluqçu və 82 zirehli texnika, o cümlədən 8 tank, 12 zirehli transportyor, 6 piyada maşını və 55 zirehli texnika itirib.
Rusiya prezidenti Vladimir Putin Kursk vilayətindəki vəziyyəti şərh edərkən Kiyev rejiminin növbəti genişmiqyaslı təxribata əl atdığını və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açdığını bəyan edib.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində sərhəd bölgəsinə hücumundan sonra, xüsusən də terror aktı və qətllər ilə bağlı iş açılıb. Rusiya müstəntiqləri bölgədəki mülki hədəflərə zərbələr endirmək əmrini verən və yerinə yetirən Ukrayna hərbçilərinin kimliyini müəyyənləşdirir.