AZƏRBAYCAN XƏBƏRLƏRİ

Parlament seçkilərində exit-poll-u hansı təşkilatlar keçirəcək?

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi üçün ayrılan müddət avqustun 12-dək olan dövrü əhatə edib.
Sputnik
BAKI, 12 avqust — Sputnik. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar "exit-poll" keçirmək üçün iki təşkilat müraciət edib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə "exit-poll" keçirmək niyyətini bildirib. "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə exit-poll keçirmək üçün müraciət edib.
Bu təşkilatların müraciətləri səsverməyə çıxarılıb və qəbul edilib.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi üçün ayrılan müddət avqustun 12-dək olan dövrü əhatə edib.
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.