CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotiklə bağlı cinayət törədənlərin 67,8 faizi işləməyən və təhsil almayanlardır

Bu ilin yanvar–iyun aylarında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 3856 şəxs müəyyən edilib ki, onların da 34,8 faizini əvvəllər də cinayət törətmiş şəxslər təşkil edib.
Sputnik
BAKI, 12 avqust — Sputnik. Cari ilin yanvar–iyun ayları ərzində ölkədə qeydə alınmış 18518 cinayət hadisəsinin 5674-ü (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz az) və ya 30,6 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, onların da 67,1 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 30,0 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,0 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,8 faizi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı, 0,1 faizi isə digər cinayətlərdir.
Hesabat dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 3856 şəxs müəyyən edilib ki, onların da 34,8 faizini əvvəllər də cinayət törətmiş şəxslər təşkil edib. Cinayət törətmiş şəxslərin 98,9 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.
Cinayət törətmiş şəxslərin 67,8 faizi əmək qabiliyyətli yaşda olub işləməyən və təhsil almayanlar, 3,1 faizi qadınlar, 0,6 faizi isə xarici ölkə vətəndaşlarıdır. Cinayət törədənlərin 7,6 faizini 24 və aşağı yaşlı, 15,9 faizini 25-29 yaşlı, 76,5 faizini isə 30 və yuxarı yaşlı şəxslər təşkil edib.
Cari ilin birinci yarısında qeydə alınmış cinayətlərdən 1757-si narkomanlar, 3-ü toksikomanlar, 2-si isə narkotik təsir altında olan şəxslər tərəfindən törədilib. Narkomanlar tərəfindən törədilmiş cinayətlərin 91,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 5,9 faizi oğurluq, 0,2 faizi dələduzluq, 2,7 faizi isə digər cinayətlərin payına düşür.
2024-cü ilin yanvar–iyun ayları ərzində 4144,4 kiloqram və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz çox narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və tərkibində narkotik maddələr olan bitkilər müsadirə edilərək götürülub.
Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin:
-2963,4 kiloqramını marixuana,
-464,4 kiloqramını ölkə ərazisində bitən, tərkibində narkotik maddələr olan bitkilər,
-431,4 kiloqramını heroin,
-109,5 kiloqramını tiryək,
-27,6 kiloqramını həşiş, həşiş yağı və qətranı,
-132,7 kiloqramını psixotrop maddələr (onlardan 132,2 kiloqramı metamfetamin),
-15,4 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
Dövlət Proqramı...
Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı" təsdiq edilib. Həmin sənəddə deyilir ki, Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri edib.
Dövlət Proqramının məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Bu Dövlət Proqramının icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti orqanlar üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.