İQTİSADİYYAT

Azərbaycan ixracının təxminən 80 faizi neft və neft məhsullarıdır

V.Bayramov qeyd edib ki, Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında cari ildə də neft gəlirlərinin manatın məzənnəsinə təsir edən əsas faktor olacağı vurğulanır.
Sputnik
BAKI, 12 avqust — Sputnik. Avqustun 5-də "Brent" markalı neftin qiyməti son 7 ayın ən aşağı səviyyəsinə düşərək 76 dollar olub. Neftə olan tələbin azalması bazarda volatilliyi artırıb. Digər tərəfdən, bu il ABŞ-də neft quyularının sayının azalmasına baxmayaraq hasilatda artımlar müşahidə olunur. Hazırda isə "Brent" markalı neft 79 dollar civarındadır.
"Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir"
VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir:
"Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən gəlirlərimiz, digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından əhəmiyyətlidir".
"Neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verir"
O bildirib ki, 2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmələrdən sonra əsas maliyyə sənədində neftin qiyməti 60 dollardan 75 dollaradək artırıldı:
"Doğrudur, 2024-cü ilin geridə qalan ayları üzrə neftin orta qiymətini nəzərə aldıqda mövcud bazar tarazlığı fiskal gəlirlərimiz üçün risk formalaşdırmır. Amma neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi, eləcə də tədiyə balansının vəziyyəti birbaşa neftin dünya bazar qiymətindən asılı olacaq".
Neft qiymətinin manatın məzənnəsinə təsiri
Neft qiymətinin manatın məzənnəsinə təsirinə gəldikdə isə V.Bayramov qeyd edib ki, Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında cari ildə də neft gəlirlərinin manatın məzənnəsinə təsir edən əsas faktor olacağı vurğulanır:
"Valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar birbaşa enerji bazarındakı volatillikdən asılıdır. Mərkəzi Bankın məzənnə siyasəti üzrə hədəflərə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
"Neft qiymətləri bu il artan geosiyasi gərginlik fonunda artıb"
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu ilin yanvar-iyun ayları üzrə "Pul siyasəti icmalı"nda deyilir ki, neft qiymətləri bu il artan geosiyasi gərginlik və "OPEC plyus" hasilatının azaldılması fonunda artıb:
"ABŞ-nin Enerji İnformasiya Agentliyinin (EİA) iyun hesabatına əsasən, cari ilin qarşıdakı dövründə neft qiymətlərinin artacağı gözlənilir. Belə ki, "Brent" markalı neftin bir barelinin orta qiymətinin 2024-cü ildə 86,4 dollar (ötən proqnozda 84.2 dollar), 2025-ci ildə isə 88,4 dollar (ötən proqnozda 85,4 dollar) olacağı gözlənilir.
Proqnozların artmasına səbəb Orta Şərqdə artan gərginlik və Qırmızı dəniz hövzəsində beynəlxalq yük daşımalarına olan hücumlar fonunda qeyri-müəyyənliyin qalması və "OPEC plyus" ölkələrinin neft hasilatını azaltmasıdır. EİA-nın məlumatına görə, "OPEC plyus" ölkələrinin neft hasilatını azaltmasına baxmayaraq, qeyri-"OPEC plyus" ölkələrində neft istehsalı yüksəkdir. Belə ki, ABŞ, Kanada, Qayana və Braziliya kimi ölkələrin neft istehsalını artırması səbəbindən 2024-cü ildə neft və maye yanacaq istehsalının günlük 0,6 milyon barel artması gözlənilir".
Dollar-manat məzənnəsi 2026-cı ilədək dəyişməyəcək
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi də 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Agentliyə görə, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa, hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər.