SƏHİYYƏ

Onkoloji xəstəliklərin erkən diaqnostikası icbari tibbi sığorta hesabına aparılır

İcbari tibbi sığortanın tətbiqi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, vətəndaşın vaxtında müalicəyə cəlb olunmasına və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.
Sputnik
BAKI, 12 avqust — Sputnik. İcbari tibbi sığorta orqanizmdə xərçəngə çevrilmə riski yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikasını təmin edir. Bu hüceyrələr adətən normal hüceyrələrin yerini alaraq onları zədələyir, sürətlə çoxalır və orqanizmin digər hissələrinə yayılır. Şişönü xəstəliklər müxtəlif orqan və toxumalarda meydana gələ bilər. Bu xəstəliklərin erkən mərhələdə aşkarlanması və müalicəsi gələcəkdə inkişaf edə biləcək xərçəng hallarının qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) verilən məlumata görə, icbari tibbi sığortanın Xidmətlər Zərfinə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Bu müayinələr vasitəsilə xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, orqanların funksional vəziyyətini və daxili strukturlarını qiymətləndirmək, kimyəvi və fiziki prosesləri öyrənmək, o cümlədən daxili orqanları vizual olaraq müayinə etmək mümkündür.
Şişönü xəstəliklərin diaqnostikasını dəqiq və etibarlı şəkildə aparmaq üçün isə bir neçə əsas metodlardan istifadə olunur. Bu metodların hər biri müəyyən xəstəliklərin aşkarlanmasında yüksək həssaslıq və dəqiqlik təmin edir.
Maqnit rezonans tomoqrafiya (MRT) bədənin daxili strukturlarını detallı şəkildə göstərir və bir çox hallarda şişönü dəyişikliklərin aşkarlanmasını təmin edir. Bu metod, xüsusilə yumşaq toxumaların görüntülənməsi üçün effektivdir. Kompüter tomoqrafiyası (KT) skanerləri bədənin müxtəlif hissələrinin detallı görüntülərini təqdim etməklə şişlərin yerini və ölçüsünü müəyyənləşdirməyə imkan yaradır. Bu metod xüsusilə bərk toxumalarda və orqanlarda şişlərin aşkarlanması üçün istifadə olunur.
Digər bir diaqnostik metod olan kolonoskopiya, kolorektal (yoğun və düz bağırsaq) xərçəngə çevrilmə potensialı yüksək olan şişönü lezyonların erkən diaqnostikasında geniş istifadə olunur. Bu prosedur zamanı həkim endoskop vasitəsilə kolonun daxili divarlarını yoxlayır. Şübhəli bölgələr tapıldıqda biopsiya nümunələri götürülür və laboratoriyada analiz olunur.
Qastroskopiya mədə və onikibarmaq bağırsaqda (duodenum) şişönü dəyişikliklərin diaqnozu üçün istifadə olunur. Bu metod mədə-bağırsaq traktının yuxarı hissəsinin görüntülənməsini təmin edir və şişlərin erkən aşkarlanmasına kömək edir.
Kolposkopiya uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəlikləri erkən mərhələdə müəyyən etmək üçün istifadə olunan yüksək dəqiqliyə malik ginekoloji müayinə metodudur. Bu müayinə prosesində kolposkop cihazı ilə uşaqlıq boynu optik olaraq incələnir. Şübhəli bölgələr aşkarlandığı halda isə həmin hissələrdən nümunələr götürülərək laborator analizlərə göndərilir.
Histeroskopiya qadın sağlamlığının qorunması və erkən diaqnostika üçün ən müasir metodlardan biridir. Bu prosedur zamanı histeroskop cihazı uşaqlıq boşluğuna daxil edilir və görüntü real vaxtda ekrana ötürülür. Bu sayədə uşaqlıq daxilindəki hər hansı patologiya çox asanlıqla müşahidə edilə bilir. Bu müayinə bir çox ginekoloji xəstəliklərlə yanaşı, uşaqlıq xərçənginin və şişönü xəstəliklərin aşkar edilməsində həyata keçirilən vacib müayinə metodudur.
Mammoqrafiya süd vəzilərinin və ətraf limfa düyünlərinin rentgen vasitəsilə müayinəsini təmin edən vacib bir diaqnostika üsuludur. Bu metod süd vəzilərindəki xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır.
Şişönü lezyonlar adlanan xərçəngə çevrilmə potensialı yüksək atipik hüceyrə bölgələrindən götürülən toxuma nümunələrinin mikroskopik analizi diaqnostikada qızıl standart hesab edilir. Bu metod hüceyrələrin struktur vəziyyətini qiymətləndirməyə imkan verməklə dəqiq diaqnostikanı təmin edir. Həmçinin, qanda xüsusi biomarkerlərin səviyyəsi müəyyən xəstəliklərin mövcudluğunu göstərə bilər. Bu testlər sırasından olan onkomarkerlərin qanda təyini bəzi şişönü xəstəliklərin erkən mərhələdə aşkarlanmasında istifadə olunur və xəstəliyin gedişatını izləməyə kömək edir.
Pap smear testi isə qadınlarda uşaqlıq boynunda (serviks) şişönü xəstəliklərin aşkarlanmasında geniş istifadə olunur. İcbari tibbi sığortanın tətbiqi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, vətəndaşın vaxtında müalicəyə cəlb olunmasına və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.
İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqаt institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
21.06.24, 16:55
Daha bir əməliyyat icbari tibbi sığorta hesabına pulsuz aparılacaq
Azərbaycanda icbari tibbi sığorta hesabına daha bir əməliyyat, histerektomiya – uşaqlığın çıxarılması əməliyyatı ödənişsiz həyata keçirilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2022-ci ildən 2024-cü ilin ilk 4 ayını əhatə edən dövr ərzində icbari tibbi sığorta hesabına 13 250 histerektomiya əməliyyatı icra olunub. Gecikmiş reproduktiv və premenopauzal dövrlərdə uşaqlığın mioması, müalicəyə tabe olmayan uşaqlıq qanaxmaları, endometrioz (uşaqlığın daxili təbəqəsi), hamiləlik və doğuş vaxtı uşaqlığın zərər görməsi, uşaqlıq boynu xərçəngi əməliyyat üçün göstəriş hesab edilir. Xüsusilə uşaqlıq və ya yumurtalıq xərçəngi olan xəstələrdə bu əməliyyatın aparılması zəruri hal alır ki, bu da xəstəliyin ciddi fəsadlara yol açmasının qarşısını almağa köməklik göstərir. Bu əməliyyat laparoskopik, abdominal və vaginal üsullarla aparılır. Laparoskopik histerektomiya qarın boşluğunda çox kiçik dəliklər açmaqla, abdominal histerektomiya açıq kəsiklə, vaginal histerektomiya isə uşaqlıq yolunun yuxarı hissəsindən aparılan kəsik vasitəsilə icra olunur. Xəstəliyin növündən və mərhələsindən asılı olaraq müvafiq üsul ixtisaslaşmış həkim tərəfindən təyin edilir.
Qeyd edək ki, uşaqlıq yolunda patoloji dəyişiklikləri erkən mərhələdə aşkarlamaq məqsədilə HPV testi (İnsan papilloma virusu), Pap testi (uşaqlıq boynundan yaxmanın götürülməsi və mikroskopiyası), USM, rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya, kolonoskopiya kimi diaqnostik müayinələr icbari tibbi sığorta təminatına daxildir. Bundan əlavə, patoloji dəyişikliklərə şübhə olduqda uşaqlıq boynunun biopsiyası və götürülən materialın histoloji müayinəsi də ödənişsiz şəkildə aparılır. Sözügedən tibbi xidmətlə bağlı ambulator və stasionar şəraitdə aparılan instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, o cümlədən, yatış müddətində manipulyasiyalar, qan və ya qan komponentləri icbari tibbi sığorta tərəfindən qarşılanır.
Histerektomiya əməliyyatının müddəti əməliyyatın aparılma səbəbindən asılı olaraq dəyişsə də, ortalama 1-3 saat davam edir. Histerektomiya əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutlarında həkim göstərişi əsasında icra olunur.
27.05.24, 23:08
Bu əməliyyat icbari tibbi sığorta təminatına daxildir
Appendiksin çıxarılması icbari tibbi sığorta təminatına daxildir. Bu barədə Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, 2021-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 17 671 appendektomiya icra olunub. Kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı appendisit adlanır. Appendisit kəskin gedişli cərrahi xəstəlikdir. Xəstəlik inkişaf etdikcə soxulcanabənzər çıxıntının mənfəzində iltihabi mayenin toplanması, qan təchizatının pozulması baş verir ki, bu da çıxıntının deşilməsinə (perforasiya) gətirib çıxarır.
Xəstəliyin ağırlaşması hətta ölümə səbəb ola bilər. Ciddi fəsadların qarşısını almaq üçün vaxtında diaqnozun qoyulması və cərrahi əməliyyatın aparılması vacibdir.
Appendektomiya cərrahi əməliyyatı həkim-ümumi cərrah tərəfindən laborator və instrumental müayinələrin nəticələri əsasında açıq və ya laparoskopik üsulla aparılır. Hər iki üsul icbari tibbi sığorta ilə qarşılanır.
Xəstəliyin laborator diaqnostikasında qanın ümumi analizi, sidiyin ümumi analizi, C-reaktiv protein (CRP) və göstərişə görə digər analizlər aparıla bilər. İnstrumental müayinələrdən isə tibbi göstərişə əsasən qarın boşluğunun USM, KT, MRT müayinəsi və rentgenoqrafiyası təyin oluna bilər.
Əməliyyatönü müayinə və həkim konsultasiyası, reanimasiya, anesteziya, stasionar şəraitdə laborator və instrumental müayinələr, manipulyasiyalar, istifadə olunan dərman və tibbi sərf, pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.
Bu əməliyyat icbari tibbi sığorta ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda icra olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.