SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda İsrail hərbçiləri var, ya yox?! MEDİA agentliyi təkzib edir

MEDİA bildirib ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınayırlar.
Sputnik
BAKI, 12 avqust — Sputnik. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi açıqlama yayıb.
Həmin açıqlamanı təqdim edirik.
"Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Dezinformasiyanın təsiri altında "Iran International" televiziya kanalı, habelə "The Telegraph" nəşri və "Kan" agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirmiş, guya İsrailin öz həbrçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yaymışdır.
Bildiririk ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil və bununla bağlı yalan məlumatlara söykənmiş informasiya manipulyasiyalarını ciddi şəkildə qınayırıq. Eyni zamanda, bir daha diqqətə çatdırırıq ki, hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir.
Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edib.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq".
Xatırladaq ki, "The Telegraph" nəşri İranla İsrail arasında gərgin münasibətlər fonunda Azərbaycanla bağlı sensasion iddia ilə çıxış edib. Nəşr yazıb ki, Pezeşkian təklif edib ki, Azərbaycan Respublikasında və ya İraq Kürdüstanında İsraillə əlaqəli mərkəzlər hədəfə alınsın, lakin hücumdan əvvəl bu ölkələrə xəbər verilsin və bütün bu dram bitsin.
Həmçinin İsrailin "Kan" dövlət teleradio şirkəti xəbər yayıb ki, İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda Azərbaycan və Gürcüstanda olan hərbi mükəlləfiyyətli vətəndaşlarını ölkəyə qayıtmağa çağırıb.