RUSİYA

Rusiyanın əczaçılıq şirkəti Azərbaycana idxal asılılığından çıxmağa kömək etməyə hazırdır

"Gerofarm" əczaçılıq şirkəti respublikada şəkərli diabetin müalicəsi üçün dərmanların istehsalına başlamaqdan ötrü beş ildən artıqdır ki, hazırlaşır.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Rusiyanın əczaçılıq şirkəti tərkibində insulin olan müvafiq beynəlxalq dərman preparatlarını Azərbaycanda yerli məhsulla əvəz etməyə hazırdır. Bu barədə "Sputnik Azərbaycan"a "Gerofarm" şirkətindən məlumat verilib.
Məlumatda deyilib ki, 2025-ci ildə şirkət Azərbaycandakı tərəfdaşının yerində insulin istehsalına başlayacaq. Hazırda respublika bu dərmanı tamamilə xaricdən idxal edir.
Bundan əvvəl Azərbaycanda fəaliyyət göstərən Rusiyanın "R-Farm" şirkətlər qrupunun əczaçılıq kompleksi şəkərli diabetin ağırlaşmalarının qarşısının alınması üçün nəzərdə tutulan bu preparatın ilk partiyasını buraxdığını elan edib. Beş illik müqavilənin şərtlərinə əsasən, zavod ildə 1 milyon paketə yaxın dərman preparatları istehsal edəcək.
Şəkərli diabetdən əziyyət çəkənlərin sayının artması problemi təkcə Azərbaycanı deyil, qonşu ölkələri də narahat edir. Böyük Britaniya bundan əvvəl ölkədə insulin istehsalı zavodu tikmək niyyətində olduğunu açıqlamışdı. Bundan əlavə, İsrail oxşar müəssisənin tikintisinə başlayıb.
"Gerofarm"dan bildiriblər ki, Respublika Endokrinologiya Mərkəzinin 2023-cü il üçün məlumatına görə, Azərbaycanda 320 mindən çox insanda şəkərli diabet aşkarlanıb ki, onların da, təxminən 37%-i insulin qəbul edir.
On beş ildən artıqdır ki, ölkədə diabet xəstələri üçün yalnız üç Avropa və ABŞ şirkətinin insulin dərmanları mövcuddur. Rusiya şirkətinin Azərbaycan bazarına daxil olması sayəsində xəstəliyin müalicəsi və qarşısının alınmasından ötrü təhlükəsiz və effektiv dərmanların seçimi genişlənib.
Əczaçılıq şirkəti uzun müddətdir ki, Azərbaycanda insulin istehsalına başlamağı planlaşdırırdı.

"Azərbaycanda insulin istehsalının yaradılması ilə bağlı razılıq 2019-cu ildə əldə olunub. Bundan əvvəl dərman vasitələrimiz Azərbaycan Respublikası Respublika Endokrinoloji Mərkəzində uğurla sınaqdan keçirilib", - şirkətdən bildirilib.

Yaxın gələcəkdə "Gerofarm" partnyorunun yerində analoq (qlargin, aspart) və tərkibində insulin olan gen-mühəndislik dərmanları istehsal etməyi planlaşdırır.
Rusiya şirkəti müvafiq beynəlxalq patentləşdirilməmiş adları yerli məhsulla əvəz etməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.