CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daxili gərginlik yaratmaq istəyən namizədlərə yol verilməyəcək - MSK sədri

ərkəzi Seçki Komissiyasının iclasında 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
Sputnik
BAKI, 10 avqust - Sputnik. ATƏT Parlament Assambleyasının 61 nəfər, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 40 nəfər müşahidəçisi artıq qeydiyyatdan keçib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Sədr vurğulayıb ki, MDB Parlamentlərarası Assemblyadan isə 36 nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, bu gün Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il avqustun 10-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
İclasda 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
MSK sədri bildirib ki, komissiya yeri oldu-olmadı namizədi cəzalandırmaq yolu tutmur, xoş məramları heç kəsə sui-istifadəyə şərait yarada bilməz.
M.Pənahov onu da bildirib ki, hansı namizəd bilə-bilə vəziyyəti gərginləşdirmək istəyir, onlar haqqında birinci Seçki Məcəlləsinin tələbinə uyğun xəbərdarlıq edilməlidir:

“Bu xəbərdarlıq nəinki dairəyə bütün ölkəyə yayılmalıdır. Heç bir namizədin hüququ yoxdur, digər namizədin haqqına girsin. Daxili gərginlik yaratmaq istəyən namizədlərə yol verilməyəcək. Bu, DSK-ların borcudur. DSK-lar hökmən bu məsələlərlə bağlı dəqiq məlumatları bizə çatdırmalıdır. DSK məcəllənin tələbinə uyğun xəbərdarlıq edəndə də yazmalıdır ki, bu cür tədbir bir də keçirilsə, hüquq mühafizə orqanlarına müraciət ediləcək”.

İclasın sonunda avqustun 9-dan start götürən seçkiqabağı təşviqatla bağlı proseslərin gedişi, təşviqat subyektləri üçün yaradılmış hərtərəfli geniş imkanlar və Mərkəzi Seçki Komissiyası tərəfindən ardıcıl, sistemli şəkildə reallaşdırılan layihələr diqqətə çatdırılıb, deputatlığa namizədlər və müşahidəçilərə dair statistik göstəricilər elan olunub, həmçinin cari məsələlərə baxılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.