SƏHİYYƏ

"Ana südü, dağ çiçəyi" - Pediatr nələri məsləhət görür

Yeni doğulmuş körpənin mədə-bağırsaq sistemi qidanı mükəmməl şəkildə həzm edə bilmir. Ana südünün tərkibində qidalı maddələrdən əlavə, bu maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər var.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Mərkəzi Gömrük Hospitalının pediatrı Nazilə Hüseynova "Ümumdünya ana südü ilə qidalandırma həftəsi" çərçivəsində ana südü ilə qidalanmanın faydası və əhəmiyyəti barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin suallarını cavablandırıb.
- Nazilə həkim, ana südünün faydaları nədir?
- Ana südü uşaq üçün nadir və ideal qidadır. Ana südünün nadir tərkibinə görə alimlər onu təbiət fenomeni kimi qeyd edirlər. Ən müasir və bahalı süni qida ana südünün tərkibinə hətta yaxınlaşa bilməz. Ana südünün tərkibi olduqca mürəkkəbdir və bu günümüzə kimi alimlər tərəfindən tam öyrənilməyib. Ana südünün tərkibi daim dəyişir – əmizdirmənin əvvəlində süd daha suludur, axırında isə daha yağlı olur. Günorta saatları ilə müqayisədə gecə saatlarında süd daha yağlı olur. Uşaq böyüdükcə südün mineral tərkibi dəyişir.
Yeni doğulmuş körpənin mədə-bağırsaq sistemi qidanı mükəmməl şəkildə həzm edə bilmir. Ana südünün tərkibində qidalı maddələrdən əlavə, bu maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər var. Məhz bu fermentlər uşaq orqanizmində yağları, karbohidratları və s. maddələri həzm etməyə kömək edir. Südün əsas tərkib hissəsini su təşkil edir (80%-dən artıq). Lakin bu, adi su deyil, bioloji aktiv sudur. Ana südündəki su uşağın orqanizmi tərəfindən tam mənimsənilir. Bu su hətta isti yay günlərində körpənin suya olan ehtiyacını tam ödəyir və körpə susuzluqdan əziyyət çəkmir. Məhz bu səbəbdən həkimlər yalnız ana südü ilə qidalandırılan körpəyə su, çay və s. mayelər verməyi tövsiyə etmir.
Nazilə Hüseynova
Ana südünün növbəti komponenti karbohidratlardır. Ana südündə karbohidratların əsas hissəsini laktoza təşkil edir. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək edir. Laktoza uşağın mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir. Bundan əlavə laktoza uşağın bağırsağında lakto və bifidobakteriyaların inkişafını stimullaşdırır. Lakto və bifidobakteriyalar isə bağırsağa düşən zərərli mikrobların inkişafına mane olur ki, nəticədə uşaq bağırsaq infeksiyalarından qorunmuş olur.
Ana südünün tərkibində xüsusi əvəzsiz yağ turşuları da var ki, onlar uşağın inkişafı üçün olduqca vacibdir. Ana südünün tərkibində olan zülallar uşaq böyüdükcə tədricən azalır. Məsələ burasındadır ki, zülalların orqanizmə qida ilə artıq miqdarda daxil olması böyrəklər üçün ziyanlıdır və nəticədə insan orqanizmində metabolik stressə səbəb ola bilər. Metabolik stress isə öz növbəsində müxtəlif xəstəliklərə yol açır.
Qida maddələrindən əlavə ana südünün tərkibində uşaq orqanizmi üçün vacib olan bütün vitamin və mikroelementlər var. Ana südü tək qida deyil. Ana südünün qoruyucu funksiyası var. O, uşağın orqanizmini zərərli mikrob və infeksiyalardan qoruyur, onun immun sisteminin inkişafına kömək edir. Ana südü müxtəlif immun faktorlarla zəngindir: lizosim – təbii antibiotik, makrofaqlar – mikroblari məhv edən xüsusi hüceyrələr. Beləliklə, ana südü ilə qidalandırılan körpə müxtəlif xəstəliklərə qarşı etibarlı müdafiə olunur. Ana südü ilə qidalanan uşaqlar süni qida alan uşaqlarla müqayisədə daha gec-gec bağırsaq pozulmaları, respirator xəstəliklər, allergiyalarla üzləşir. Vaxtından əvvəl doğulmuş, az çəkili, zəif körpələr üçün ana südü ilə qidalanma vacibdir.
- Uşağı süddən ayırmaq üçün ən yaxşı nə vaxtdır?
-Həkimlər süddən ayırmağın ən optimal zamanının 2 yaş olduğunu qeyd edirlər, çünki bu yaşda uşağın bədəni artıq möhkəmlənir. Psixoloqlar deyir ki, 1 yaşlı uşağın ana südünə tələbatı psixoloji deyil, fizioloji olur. Uşaq ananın döşünü tez-tez anaya yaxın olmaq məqsədilə istəyir. Buna görə də bu yaşda ana südü ilə qidalanma əldə yelləməklə, nağıl oxumaqla, oyunlarla əvəz edə bilər. Körpə üçün ana ilə six əlaqə vacibdir. Hər bir ana uşağının süddən ayırma vaxtını özü həll etməlidir.
Ən vacibi odur ki, həm ana, həm də uşaq buna psixoloji və fizioloji hazır olsun. Mütəxəssislər süddən tərgitməni laktasiyanın involyusiya dövründə aparmağı məsləhət edirlər. Bu dövrdə süd istehsalı azalır, onun əvəzinə çox az bulama gəlir. Bir qayda olaraq, involyusiya dövrü uşağın 1 yaşından sonra başlayır. Bundan əlavə uşağın özünün döşdən imtinasını gözləmək olar. Amma adətən uşaq süddən 2, hətta 3 yaşında imtina edir. Hər iki halda döşlə əmizdirmə uzun zaman davam etdirilə bilər. Uzun müddətli qidalanma qadınlarda narahatlıq doğurur. Bundan başqa, qadınlarda işə və səyahətə çıxmaq məhdudiyyəti yaradır.
- Nazilə həkim, ana südü neçə yaşına qədər verilə bilər?
-Uşağa ilk alti ay ərzində, su da daxil olmaqla, ana südündən başqa bir qida vermək tövsiyə edilmir. 1 yaşına kimi əlavə qidalanma ilə birlikdə su da verilə bilər. Əgər ana və uşaq istəklidirsə, süd vermə müddətini 2 yaşına qədər artırmaq olar. 1 yaşından tez ana südünü kəsmək məsləhət deyil. Uşağı ana südündən ayırmaq nə zaman məsləhət görülmür:
Diş çıxarma dövründə;
Virus və infeksiyaların epidemiyası dövründə. Bu dövrdə uşağın immun sistemini ana südü tənzimləyir. Bu ərəfədə ana südündən imtina, bu xəstəliklərin riskini artıra bilər;
Stressli vəziyyət zamanı (məsələn, bağçaya gedən dövrdə);
Əgər uşaq xəstədirsə (xəstəlikdən ən azı 1 ay sonra süddən kəsilməsi məsləhət görülür).
- Ana südünü necə artırmaq olar?
-Övladına ana südü verən xanım gün ərzində 3-4 litr su, maye qəbul etməlidir. Bunun ən azı 2.5 litrini su, qalan hissəsini isə şəkərsiz süd gətirici bitki çayları təşkil edə bilər. Ana ilk olaraq stressdən uzaq durmalı, gündəlik yuxu rejiminə riayət etməli, həyəcan keçirməməlidir, uşağı tez-tez döşə qoymalıdır. Süd ifrazının artırılmasına şərait yaradan qida məhsulları bunlardır:
yulaf – son illərdə aparılan çalışmalara əsasən yulaf dəmir qaynağı olmaqla yanaşı, süd ifrazını da artırmaq xüsusiyyətlərinə malikdir;
yerkökü – tərkibində estrogen təsirli fitoestrogen vardır ki, bu da süd kanallarında süd ifrazını artıra bilir;
razyana – süd artırmaqdan əlavə, körpələrdə infantil bağırsaq sancılarına də yardımçı olur;
düyü və arpa – tərkibində saxaritin olduğuna görə prolaktin hormonunu yüksəldərək süd ifrazını artırır;
yaşıl yarpaqlı göyərti və tərəvəzlər –ispanaq, kahı, gül kələmi, brokoli, keşniş, şüyüd və s;
paxlalı birkilər – bir qədər ehtiyatla istifadə olunur, çünki infantil bağırsaq sancılarına səbəb ola bilər;
qoz, fındıq, badam – gün ərzində 10-15 ədəd istifadə edilə bilər;
çörəkotu, küncüt; 9) quru halda xurma, tut, əncir.
Döşü daha çox stimulyasiya etmək südün artmasına səbəb olur. 24 saat ərzində uşağı ən azı 8-12 dəfə əmizdirin. Uşaq əmziklərindən istifadə etməyin. Hər əmizdirmə zamanı hər iki döşünüzü verin. Uşağı müxtəlif vəziyyətlərdə əmizdirin. Hər əmizdirmədə körpənizin döşlərinizi tamamilə boşaltdığına əmin olun. Kürəyi sürtmək, döşləri masaj etmək döşləri təmin edən sinirləri stimullaşdırır. Bu da südün çoxalmasına səbəb ola bilər. Körpənizlə bədən-bədənə təmasda olma vaxtlarını artırın, onunla birlikdə istirahət edin. İsti vanna qəbul edin, çoxlu oxuyun.
- Ana südünü sağıb saxlamaq qaydaları necədir?
Ana südü 3 saat otaq temperaturunda, 3 gün soyuducuda 2-8 dərəcə temperaturda, 3 ay soyuducuda dondurulmuş vəziyyətdə, -20 dərəcə temperaturda və 6 ay dərin dondurucuda saxlana bilər.
- Döş əmmə nə qədər vaxt çəkir, ana necə bilə bilər ki, uşaq toxdur?
-Döşlə əmizdirmə üzrə mütəxəssislər körpəni hər 3-4 saatda bir deyil, uşaq acandan-acana yedizdirməyi məsləhət görürlər. İlk 1-2 ay ərzində körpə sistemsiz şəkildə qidalana bilər. Bəzən analara elə gəlir ki, uşaq sutka boyu ancaq döş əmir (əslində isə sutkada cəmi 10-12 dəfə olur). Lakin böyüdükcə dəqiq qidalanma rejimi meydana gələcək və əmizdirmənin tezliyi azalacaq. Əmizdirmə vaxtını və müddətini ayrıca gündəliyə yazmaq olar. Çalışın körpəni sakit bir şəraitdə yedizdirin ki, onun fikri dağılmasın və heç bir səs onu qıcıqlandırmasın.
Özünüzə rahat vəziyyət seçin ki, qollarınız keyiməsin, axı körpə həm 20 dəqiqəyə doya bilər, həm də düz 1 saat döşdən asılı ola bilər. Bəzi uşaqlara tam doymaq üçün 5-7 dəqiqə kifayət edir. Lakin bəzi tənbəl körpələr süd sormaqdan daha çox döş ağzında yatmağı sevirlər. Belə olduqda döşü körpənin ağzından çıxarmaq lazımdır ki, onu döşü sormağa aktivləşdirəsiniz. Körpəni uzun müddət sinədə saxlamaq, ona yatmaq imkanı vermək düzgün deyil. Bu döş gilələrində ağrı verici çatların və qıcıqlanmaların yaranmasına gətirib çıxara bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.