BAKI, 9 avqust — Sputnik. Nazirlər Kabineti sosial ödənişlərlə bağlı yeni Qaydanı təsdiq edib. Bu sənəd müavinətlərin, təqaüdlərin, kompensasiyanın təyin edilməsi, ödənilməsi, onların ödənişinin dayandırılması qaydasını müəyyən edir.
Yeni qaydalar necədir və sosial ödənişlərin məbləğinə təsir edəcəkmi? Hansı hallarda bu ödənişlər dayandırılacaq?
VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, yeni Qayda sosial ödənişlərin elektron təyinatı sistemini daha da gücləndirir və bu baxımdan sənədin üçüncü bəndi sosial ödənişlərin proaktiv təyinatı ilə bağlıdır:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Sosial ödənişlər" altsisteminə şəxsin sosial ödənişi almaq hüququnun yaranması ilə bağlı məlumat daxil olduğu gündən sonrakı 10 iş günü müddətində təyinat aparılır. Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətin proaktiv təyinatı cəmi 5 iş günü müddətində aparılır. Bütün bunlar ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət və həmin uşaqlara mövsümi geyimin alınması üçün müavinət yalnız proaktiv təyin edilir. Yəni, həmin müavinətlər yalnız elektron qaydada tətbiq olunur. Bu addım sosial ödənişlərə əlçatanlığın gücləndirilməsinə və proseduraların ciddi şəkildə sadələşdirilməsinə xidmət edir".
Bayramov bildirib ki, sənəd, həmçinin sosial ödənişlərin proaktiv təyinatının aparılması mümkün olmadığı hallarda sosial ödənişlərin təyinatı qaydalarını da müəyyən edir: "Bu halda hər bir sosial müavinət üçün tələb olunan sənədlərin siyahısı ayrıca olaraq qeyd olunub".
Vüqar Bayramov
© Photo : Social media page of Vügar Bayramov
Nağd şəkildə sosial ödənişin verilməsi qadağandır
V.Bayramov qeyd edib ki, Qaydaya əsasən, sosial ödənişlər plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Yəni, nağd şəkildə sosial ödənişin verilməsi qadağandır. Sənəd eyni zamanda, sosial ödənişlərin ödənilməsinin dayandırılması qaydalarını da müəyyən edir?
"Təbii ki, əsas istiqamətlərin biri müddətli təqdim olunan təqaüd və kompensasiyaların ödənilmə vaxtının bitməsidir. Digər tərəfdən, təhsil müəssisələrində əyani təhsil alan şəxslər təhsil müəssisəsindən xaric ediləndə, şəhidin, o cümlədən vəfat etmiş "Vətən Müharibəsi Qəhrəmanı" və ya "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxsin həyat yoldaşı yeni nikaha daxil olanda və digər hallarda ödənişlərin verilməsi dayandırılır".
"Bu Qayda ödənişlərin məbləğini müəyyənləşdirmir"
"Sosial ödənişlərin məbləğinə gəldikdə isə bu Qayda ödənişlərin təyin olunması, verilməsi və dayandırılması şərtlərini dəqiqləşdirdiyindən məbləği müəyyənləşdirmir. Sosial ödənişlərin məbləğləri ya Prezident tərəfindən imzalanan sərəncamlar, ya da birbaşa qanunla müəyyənləşir" - deputat əlavə edib.
Proaktiv təyinat nədir?
Qeyd edək ki, "Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"na əsasən, proaktiv təyinat – sosial ödəniş almaq hüququ yaranan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) tərəfindən avtomatik olaraq sosial ödənişlərin təyin edilməsidir.
Sosial ödənişin proaktiv təyin edilməsinin nəticəsi barədə şəxsin MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bildiriş göndərilir.
Sosial ödənişlərin proaktiv təyinatının aparılması mümkün olmadığı hallarda bu ödənişlərin təyinatı onları almaq hüququ olan şəxslərin yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya "DOST" mərkəzlərinə yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır. Sosial ödənişlərin müraciət əsasında təyin edilməsi üçün sosial ödəniş almaq hüququ olan şəxsin şəxsiyyət vəsiqəsinin surətinin və aidiyyəti sənədlərin təqdim edilməsi tələb olunur. Müraciət edən şəxsin sosial ödənişin təyin olunmasından imtina edilməsi barədə qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət etmək hüququ var.
Hansı hallarda sosial ödənişlərin ödənilməsi dayandırılır?
-Şəxs vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında itkin düşmüş, yaxud ölmüş hesab edildikdə;
-Şəhidin, o cümlədən vəfat etmiş "Vətən Müharibəsi Qəhrəmanı" və ya "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxsin dul arvadı (əri) yeni nikaha daxil olduqda;
-Dövlət İmtahan Mərkəzinin "Şagird-məzun" və "Tələbə-məzun" dövlət elektron məlumat sistemində və Dövlət Qulluqçuları Reyestrində dövlət qulluqçularına ömürlük müavinət növündə müavinət alan şəxsin yenidən dövlət qulluğuna qəbul edilməsi barədə məlumat olduqda;
-"Elektron məhkəmə" informasiya sistemində övladlığa götürmənin ləğv olunması barədə məhkəmənin qətnaməsi olduqda;
-Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində sosial müavinət alan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə məlumat olduqda və digər bir sıra hallarda sosial ödənişlərin ödənilməsi dayandırılır.