DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MDB ölkələri beynəlxalq terrora ancaq birlikdə müqavimət göstərə bilər - Lukaşenko

Lukaşenko MDB ölkələrinin hüquq-mühafizə orqanlarının gələcək inteqrasiyasının tərəfdarı olduğunu bildirib.
Sputnik
BAKI, 8 avqust — Sputnik. MDB ölkələrinin hüquq-mühafizə orqanları əməkdaşlığı inkişaf etdirməli, o cümlədən beynəlxalq terror qruplaşmalarına qarşı effektiv mübarizə aparmalıdır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Beynəlxalq terror qrupları öz fəaliyyətlərini genişləndirmək üçün ən müasir texnologiyalardan və media resurslarından fəal şəkildə istifadə edirlər. Bu şərlə səmərəli mübarizə aparmaq üçün siyasi, sosial və iqtisadi tədbirləri əhatə edən kompleks yanaşma, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və informasiya mübadiləsi tələb olunur. Buna ancaq birlikdə müqavimət göstərə bilərik.", Belarus lideri Minskdə MDB-yə üzv ölkələrin Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçıları ilə görüşdə deyib.
Lukaşenko MDB ölkələrinin hüquq-mühafizə orqanlarının gələcək inteqrasiyasının tərəfdarı olduğunu bildirib. "Bizim bərabərhüquqlu tərəfdaşlığımız yaxşı müqavilə əsasında dəstəklənib, zamanın sınağından çıxıb, açıqlıq, etimad və qarşılıqlı yardım prinsipləri əsasında formalaşıb. Birgə fəaliyyət göstərdiyimiz illər ərzində biz dəfələrlə əmin olmuşuq ki, qlobal, transsərhəd və daxili təhdidlərə yalnız birlikdə ən effektiv şəkildə qarşı çıxa bilərik. Çünki yaxınlıqda həmişə çiyin-çiyini verəcək dostlar, yoldaşlar var".
Lukaşenko vurğulayıb ki, MDB tərəfdaşları Belarusun mövqeyinə arxalana bilərlər. "MDB ölkələrinin Daxili İşlər Nazirlikləri vətəndaşlarımız üçün qalxan və kriminal aləm üçün bir qılıncdır. Buna əsaslanaraq, Belarus həmişə MDB çərçivəsində inteqrasiyanın ardıcıl tərəfdarı olub və olmaqda davam edir".