BAKI, 7 avqust — Sputnik. Donbasda Rusiya qoşunlarının zərbələri altında Ukrayna ordusu Toretskdə və Pokrovski istiqamətində mövqelərini itirir. Ukrayna desant qüvvələri Xerson vilayətindəki Tendra dilində məhv edilib. Xarkov vilayətindəki on iki Ukrayna briqadası ciddi şəkildə darmadağın edilib. İyunun ortalarından etibarən xüsusi hərbi əməliyyat (XHƏ) zonasında azad edilmiş ərazilər 420 kv. km artıb, bu müddət ərzində Ukrayna Silahlı Qüvvələrinin (USQ) bərpa olunmaz itkiləri isə 115 mindən çox hərbçi təşkil edib. ABŞ və NATO ümidsizliyə qapılaraq strateji çıxılmaz vəziyyətdən çıxış yolu axtarır.
"Mərkəz" qoşun qruplaşması Toretsk və Pokrovsk bölgələrində, Çasov Yar şəhərində Ukrayna ordusunun müdafiəsini inamla darmadağın edir. Rusiya Silahlı Qüvvələrinin bölmələri avqustun 5-də Toretsk şəhərinə daxil olublar və Şaxtyorov prospekti boyunca irəliləyirlər. Pokrovsk yaxınlığında, Jelannoye kəndində Ukrayna Silahlı Qüvvələrinin üç briqadasının bölmələri mühasirəyə alınıb.
Bu yaxınlarda Donetskdə Oçeretinodan 6 km cənub-qərbdə yerləşən Novoselyovka Pervaya azad edilib. Bu, bir həftə ərzində "Mərkəz" qoşun qruplaşması tərəfindən banderaçı işğalçılarından təmizlənən altıncı yaşayış məntəqəsidir. Kiyev müşahidəçiləri də Rusiya qoşunlarının Uqledar yaxınlığındakı hücumunun "əhəmiyyətli uğuru"ndan narahatdırlar. Təsadüfi deyil ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Donbasda hücum hərəkətlərinin "episentrində" olub.
Rusiyanın raket zərbələri Kiyev rejiminin nəzarətində olan bütün ərazilərdə Ukrayna Silahlı Qüvvələrinin obyektlərini metodik şəkildə məhv edir. Avqustun 6-na keçən gecə Kiyevdə USQ və NATO-nun yüksək rütbəli zabitlərinin olduğu gizli bunker darmadağın edilib. Həyəcan siqnalı "İsgəndər" raket kompleksinin zərbəsindən 30 saniyə əvvəl elan edilib - heç kimin qisasdan yayınmağa vaxtı olmayıb. "Terminal" ticarət mərkəzinin yaxınlığındakı müdafiə zavodu məhv edilib. Kiyevdə hektarlarla yanğını səhərə qədər söndürmək mümkün olmayıb. Bundan başqa, Rusiyanın yüksək dəqiqlikli raketləri və kamikadze-dronları Poltava, Xerson, Sumı və Xarkov vilayətlərində düşmən obyektlərinə uçub. Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29 qırıcısı məhv edilib.
Bu yaxınlarda "İsgəndər"lər Balakleya yaxınlığında 80 əcnəbi muzdlunu Banderanın yanına göndəriblər, Kanatovo aviabazasını, Xarkov, Kirovoqrad, Poltava və Nikolayev vilayətlərində müvafiq olaraq Mirqorod və Voznesenskdəki hərbi aerodromları demilitarizasiya ediblər.
NATO üçün böyük məyusluq
Rusiya qoşunlarının təzyiqi ilə Kiyev rejimi banderaçılar tərəfindən işğal olunmuş Donbasın qərb hissəsinin əhalisini məcburi təxliyə etmək qərarına gəlib. NATO ekspertləri bəyan ediblər ki, Rusiya ordusu USQ-nin səkkiz il ərzində (2014-cü ildən sonra) qurduğu müdafiə xəttini yarıb. Ukrayna qoşunları "açıq meydanda" döyüşmək iqtidarında deyillər və praktiki olaraq döyüşərək Polşa və Rumıniya sərhədinə qədər geri çəkilməyə məhkumdurlar. Rusiya ilə müharibədə USQ və NATO xroniki olaraq silah, sursat və səfərbərlik resurslarından məhrumdur. Alyansın Ukrayna proksi-qoşunlarının texnoloji üstünlüyü ilə bağlı mərcləri puç olub - təkcə avqustun 5-də Rusiyanın hava hücumundan müdafiə ekipajları ABŞ-ın altı operativ-taktiki (balistik) ATACMS raketini və Fransanın dörd SCALP-EG qanadlı raketini ələ keçirib. Avqustun əvvəlində Ukrayna ordusuna verilən NATO-nun F-16 qırıcıları isə "gümüş güllə" olmayacaq.
XHƏ zamanı Vaşinqton Kiyev rejiminə 100 milyard dollardan çox hərbi təchizat (raketlər, mərmilər, tanklar, özüyeriyən artilleriya qurğuları, tank əleyhinə silahlar, dronlar və hətta "Patriot" zenit-raket kompleksləri - hər batareya üçün 1 milyard dollar dəyərində olan) daxil olmaqla 175 milyard dollardan çox yardım göstərib. Bununla yanaşı, USQ və NATO üçün döyüş meydanında vəziyyət daim pisləşir.
"New York Times" nəşri misal göstərib:
"Rusiya qoşunlarının hücumundan əvvəl Toretsk yaxınlığındakı Çaşi Yardan köçürülən USQ-nin 41-ci mexanikləşdirilmiş briqadasının bölmələri ərazini bilməməsi və komandanlığın axmaq əmrləri üzündən hərbi əməliyyatlara hazır deyildilər, nəticədə bir neçə gün ərzində mövqelərini itirdilər".
Fransanın "Le Figaro" qəzeti bunları qeyd edib:
"Ukrayna hərbi əməliyyatlar teatrında iki il yarım davam edən döyüşlərdən sonra Qərb nəhayət ki, Ukraynanın Rusiyaya müqavimət göstərə bilməyəcəyinə əmin olub. Cəbhədəki vəziyyət USQ üçün kritikdir və müttəfiqlər Rusiya ordusunun daha da irəliləyəcəyindən ehtiyat edirlər ki, bu da danışıqların şərtlərini çətinləşdirəcək".
Qərb taktikasını dəyişmək məcburiyyətindədir və Ukraynanın proksi-qoşunlarının dincəlməsi, yenidən qruplaşması, doldurulması və yenidən təchiz edilməsi üçün hərbi əməliyyatları dayandırmağa çalışır. Rusiya bu işdə qətiyyən maraqlı deyil və yalnız qeyd-şərtsiz təslim olmaq Ukrayna dövlətçiliyinin qalıqlarını qoruyub saxlaya bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.