"Yalnız avqustun 2-3-ü tarixlərində deyil, daha əvvəl də biz ABŞ hərbi hava qüvvələrinə məxsus hərbi yük təyyarələrinin Ermənistana daxil olmasını qeydə almışıq. Bu onu göstərir ki, Ermənistan ABŞ və Fransanın intensiv dəstəyi altında Azərbaycana qarşı təxribatlara hazırlanır. Bu təxribatların eskalasiyaya çevirilməsi ehtimalı da böyükdür".
"Başqa sözlə desək, ABŞ və Fransa tarixi Azərbaycan torplaqlarında Ermənistanı daha böyük fəlakətlərə sürükləmək üçün əllərindən gələni edirlər. Ermənistan tərəfinə isə xatırlatmaq yerinə düşər ki, Azərbaycana qarşı təxribat törətdikləri ərazilərdə Azərbaycan ordusu yerləşə bilər. Bunun üçün kifayət qədər potensialımız var. Ermənistan ehtiyyatlı olmalıdır ki, tarixi Azərbaycan torpağında Silahlı Qüvvələrimizin hərbi paradı ilə qarşılaşmasın".
"Regional təhlükəsizlik sisteminin qurulmasında region ölkələri iştirak edir, onların münasibətləri fərqli və ziddiyətli ola bilər. Ancaq onlar regional sabitlik üçün bu prosesdə iştirak etməlidirlər. Regiondan kənar ölkələrin isə ən axırıncı məqsədləri regional təhlükəsizliyi təmin etmək ola bilər. Onlar öz maraqları üçün hərəkət edirlər. Qeyri-region ölkələri öz düşündükləri kimi regionda ziddiyyətlər yaradırlar. Ermənistan regional təhlükəsizlik sistemində ən zəif bənddir. Onlara elə gəlir ki, öz təhlükəsizliklərini təmin edə bilmədikləri üçün mütləq kənardan dəstək almaqla buna nail ola bilərlər. Ancaq bu yanlışdır. Çünki xaricdən gələn dəstək Ermənistanın yox, həmin dəstək göstərənlərin öz maraqlarına xidmət edir. Siyasi savadı olmayan, strateji baxışları olmayan Ermənistan siyasi rəhbərliyi bunu başa düşmür. Onlar xarici ölkələrə regionda öz maraqlarını icra etmək üçün meydan verirlər".