BAKI, 7 avqust — Sputnik. Yəhya Sinvarın HƏMAS Siyasi Bürosunun rəhbəri vəzifəsinə təyin edilməsi İsraillə danışıqların gedişinə təsir etməyəcək, Hərəkatın rəhbərliyi Qəzza zolağında tam atəşkəs əldə olunana qədər danışıqları davam etdirəcək. Bu barədə RİA Novosti-yə Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhənin baş komandanlığının mərkəzi komitəsinin rəsmisi Həmzə Əl-Baştavi məlumat verib.
Bundan əvvəl Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb. Hərəkat İsraili liderini öldürməkdə günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib.
HƏMAS rəhbərliyi Tehranda İsmayıl Haniyənin öldürülməsindən sonra Sinvarın hərəkatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə təyin olunduğunu rəsmən elan edib. ABŞ dövlət katibi Entoni Blinken daha sonra bildirib ki, Qəzza zolağında atəşkəs barədə qərar verə biləcək əsas şəxs həmişə Sinvar olub.
"Onun təyinatı danışıqlar prosesinə təsir etməyəcək. Üstəlik, hərəkat Qəzza zolağında atəşkəs əldə olunana qədər danışıqları davam etdirmək qərarına gəlib və belə bir təyinat bu mövqeyi gücləndirmək məqsədi daşıyır", - Əl-Baştavi bildirib.
O, həmçinin qeyd edib ki, Sinvarın təyinatı İsmayıl Haniyənin qətlinə görə İsrailə birbaşa cavab olub.
Siyasətçinin sözlərinə görə, Sinvar Qəzza zolağında HƏMAS-ın rəhbəri olduğu müddətdə birbaşa olaraq danışıqlarda iştirak edib.
"Hər hansı bir qərar verməzdən əvvəl onunla əlaqə saxlayıblar. Vasitəçilər həmişə HƏMAS-ın cavabını yalnız Sinvarın cavabından sonra gözləyirdilər. Beləliklə, o, hər zaman bu danışıqların bir hissəsi olub", - o əlavə edib.
İsrail hakimiyyətinin Sinvarla birbaşa danışıqlara razı olub-olmaması və ya bu təyinatdan prosesə mane olmaq üçün istifadə edib-etməməsi ilə bağlı suala Əl-Baştavi qeyd edib ki, İsrailin baş naziri Benyamin)Netanyahunun danışıqları pozmaq və ya çətinləşdirmək üçün bəhanəyə ehtiyacı yoxdur.
Əl-Baştavi qeyd edib ki, Yəhya Sinvar, bütün HƏMAS rəhbərliyi kimi İsrailin axtarışda olanlar siyahısındadır.
"Ancaq Beynəlxalq Cinayət Məhkəməsi Sinvarı hərbi cinayətlərdə ittiham edib, eyni cinayətlər Netanyahuya qarşı qaldırılıb, ona görə də bu məsələ danışıqlar prosesinə təsir etməyəcək, davam edəcək və Netanyahu əvvəlki kimi onlara mane olacaq", - Əl-Baştavi deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.