BAKI, 7 avqust — Sputnik. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb.
Seçki Məcəlləsinin 101.1, 101.2-ci maddələrinə əsasən, səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi prosesi səsvermə gününə azı 25 gün qalanadək başa çatmalıdır.
Növbədənkənar parlament seçkiləri ilə bağlı bu proses 2024-cü il avqustun 7-dək olan dövrü əhatə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi
Qeyd edək ki, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin forması, hazırlanma qaydası, sayı, verilmə reyestrinin forması, hazırlanmasına aid tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 60 gün qalmış təsdiq edilir. Səsvermə vəsiqələri Seçki Məcəlləsinin 99.2-99.5-ci maddələrində göstərilən qaydada hazırlanır. Səsvermə vəsiqələri yuxarı seçki komissiyasından aşağı seçki komissiyasına Seçki Məcəlləsinin 99.6-cı maddəsi ilə müəyyənləşdirilmiş qaydada təhvil verilir. Səsvermə vəsiqələrinin verilməsi və saxlanması üçün müvafiq seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.
Səsvermə vəsiqəsini alan seçici həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər.
Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq olunmuş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Seçicinin ərizəsində seçki günü həmin məntəqəyə gələ bilməyəcəyi səbəblərini göstərməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.